II Qarabağ savaşı bitən 2 ayda və sonrakı iki ildə İrəvanın 30 illik hərbi cinayətlərinə görə Bakıya ödəməli olduğu təzminat barədə saysız-hesabsız verilişlər, reportajlar, məqalələr, açıqlamalar işıq üzü görüb. Yerli və əcnəbi siyasi analitiklər, iqtisadçılar ermənilərin 60-100 milyard ABŞ dolları civarında təzminat öhdəliyinə məhkumluğunu hesablayırdılar. Bəziləri pulun əvəzində hətta Basarkeçəri, ya da Zəngəzuru geri ala biləcəyimizi müjdələyirdi. 2023-cü ildə bu məsələnin üstünə çox gedilməsə də, 2022-də dəyən zərərin həcminin hesablanması haqqında rəsmi mövqelər də olub.
Yadıma gəlir ki, dostum-qardaşım Sirac Abışovla söhbətlərimizdə o, AzTV çəkilişlərindən başqa dəyən ziyanla bağlı görüntüləri də lentə aldığını deyirdi. Ta ki 2021-ci il iyunun 4-cən! Həmin gün Azərbaycanın vətən sevdalı mərd operatoru Kəlbəcərin Susuzluq kəndində minaya düşərək şəhid oldu. Allah rəhmət eləsin.
Bəli, belə faciələrə görə ermənilərin maddi kompensasiyadan savayı ödəməli olduğu mənəvi təzminatlar da var! Bir şey ki onların mina terroru davam edir.
KONKRET.az xəbər verir ki, Azərbaycanın xarici işlər nazirliyi ermənilərin mina terroru ilə bağlı tvit bölüşüb.
Müharibə bitəndən bu yana 291 insan mina qurbanı olub. XİN-in bəyan etdiyi kimi, Ermənistan isə mina xəritələrini təqdim etməkdən boyun qaçırır. Qeyd edim ki, istər Paşinyan, istərsə də onun özünə oxşar XİN rəhbəri Ararat Mirzoyan mina xəritələrinin Azərbaycana təhvil verildiyini iddia edirlər. Bu lap I Qarabağ savaşından sonrakı atəşkəsi pozmaq xəbərlərinə döndü. Bakı İrəvanı, ermənilər isə azərbaycanlıları gərginlik yaratmaqda ittiham edirdi. Bircə fərq odur ki, indi onlar bizi ittiham etməsə də, öz terror əməllərini danırlar. Əslin danan bu namərdlərdən başqa nə gözləmək olardı ki?
Haşiyəyə çıxaraq bildirim ki, dünyada sülhməramlı kontingentin missiyası tərəflər arasında neytrallığı qoruyaraq sülhə zəmin yaratmaqdır. Bəs Qarabağdakı rus sülhməramlılar nə işlə məşğuldur?
1. Məsuliyyət zonaları olan qondarma rejimdə minatəmizləmə;
2. Taxıl biçini;
3. Üzüm yığımı;
4. Erməni qadınlarla evlənmək;
5. Uşaq doğuzdurmaq;
6. Şlaqbaum sərgüzəştləri;
7. Sərsəng suyu ilə separatçı bəsləmək;
8. Faydalı qazıntıların qanunsuz talanını himayə etmək;
9. Separatçılara daşınan silahların müşayiəti;
10. Vaxtaşırı Arayikə atışma sifarişi;
11. Toponimlərin təhrifi və s.
İlk bənddə minatəmizləməni bilirsiniz niyə qeyd etdim? Əgər bu iş sülhməramlı mandatına aiddirsə, neytrallıq öhdəliyinə əsasən müvafiq işlərdə Azərbaycana da yardım etməlidirlər. Heç olmasa, məsuliyyət zonaları ilə kəsişən ərazilərdə. Çünki partlayışların əksəriyyəti elə orada baş verir. O ki qaldı Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdama, bu işdə sülhməramlıların ənkəsi Kreml özünü əziyyətə salmalıdır. Çünki 30 illik işğalın havadarı onlar olub və minalı əraziləri qarış-qarış tanıyırlar. Yeni minaları isə separatçılar basdırır, yəni onlar da rus sülhməramlıların mühafizəsindədirlər.
• Bəlkə də Ukraynada fiasko yaşayan Rusiya 1923-də yaratdığı “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin 100 illiyində “status”un bərpa xam xəyalına düşüb?!
• Putinin yadına salaq ki, Qərbi Zəngəzur da 100 il əvvəl ermənilərə verilib və biz də dəhliz tələbilə bütövlükdə Zəngəzuru qaytara bilərik!
– Hərbi təzminat məsələsinə gəlincə, görünən odur ki, Azərbaycanın dəymiş ziyanı tam hesablamağı üçün sülhməramlıların məsuliyyət müddəti bitməlidir. Çünki onlar heç ekoloqlarımızı Xankəndi, Ağdərə monitorinqlərinə buraxmırlar. Cinayət işi müvəqqəti qapanmış Qarakənd faciəsi, yaxud Xocalı soyqırımı ilə bağlı araşdırmalara heç imkan yaratmazlar.
– Hərbi təzminat məsələsinə gəlincə, görünən odur ki, Azərbaycan irəli sürdüyü şərtlərlə sülhün imzalanması naminə hələ ki, erməniləri ürkütmək istəmir. Düzü, Nikol da bunu anlamışa bənzəyir. Əks halda məğlub ola-ola özünü naza qoymazdı. Bəli, “kakoy to” kapitulyant özünü brilliant zənn edir. Gah Praqada razılaşdırılmış məsələlərin yer aldığı sülhü imzalamağa hazır olduğunu, gah Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, gah da separatçıların üçüncü tərəf kimi danışıqlarda iştirakının zəruriliyi dilə gətirir.
Bu ikili standartlardır, ikibaşlı oyundur, nədir, bilmirəm. Çünki siyasi səhnə çox bulanıqdır. Lakin üçüncü başın yeri uğrunda Qərblə Kremlin didişdiyi aydındır.
Anar Rəhimov,
KONKRET.az