Azərbaycana nifrəti ilə tanınan erməni jurnalistə Putin orden verdi – VİDEObackend

Azərbaycana nifrəti ilə tanınan erməni jurnalistə Putin orden verdi – VİDEO

Rusiya Prezidenti Vladimir Putin “Rossiya Seqodnya” media qrupunun və Russia Today (RT) kanalının baş redaktoru Marqarita Simonyana “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden verib.

KONKRET.az xəbər verir ki, bu barədə görüntüləri Telegram kanalları yayıb.

Mənbə qeyd edir ki, Kremldə baş tutan mərasimdə Putin Simonyanın milli maraqların müdafiəsində, dövlət mövqeyinin beynəlxalq informasiya müstəvisində gücləndirilməsində və informasiya təhlükəsizliyində mühüm rol oynadığını deyib.

Xatırladaq ki, Marqarita Simonyan təkcə rusiyapərəst ritorikası ilə deyil, həm də erməni kimliyi və millətçi baxışları ilə uzun illərdir gündəmdədir. Onun xüsusilə Azərbaycan əleyhinə sərt və qərəzli çıxışları, həm jurnalistikanın, həm də diplomatik etikanın hüdudlarını aşdığına görə dəfələrlə beynəlxalq tənqidlərə səbəb olub.

Simonyan 2020-ci ildə və daha sonra 2023-cü ildə Qarabağ münaqişəsi zamanı və sonrakı dövrdə Azərbaycanı təhdid edən, əhalini aşağılayan, qisasçılıq çağırışları edən ifadələrlə çıxış edib. O, Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, BMT tərəfindən tanınan sərhədləri “qondarma” adlandırıb və rəsmi Bakını “İstanbulun oyuncağı” kimi təqdim edib.

Bundan başqa, Nikol Paşinyan hökumətini dəfələrlə “satqın”, “erməni maraqlarını məhv edən qüvvə” kimi xarakterizə edən Simonyan Ermənistanın Rusiya ilə strateji əlaqələrindən uzaqlaşmasını “erməni xalqının öz məhvinə qərar verməsi” kimi təqdim edib.

Ən maraqlı və paradoksal məqam isə budur ki, Simonyan hazırda Ermənistan Respublikasına daxil ola bilmir. Ermənistanın milli təhlükəsizlik strukturları onun ölkəyə gəlişini “ictimai təhlükə yarada biləcək fəaliyyətlərə və radikal çıxışlara görə” qadağan edib. Bu qadağa əsasən onun Paşinyan hökumətini açıq təhqir etməsi, habelə cəmiyyət daxilində vətəndaş qarşıdurmasını alovlandıracaq çağırışlar səsləndirməsi ilə əlaqələndirilir.

Simonyan bir neçə dəfə Ermənistan hakimiyyətinə müraciət edərək İrəvana “qəhrəman kimi qayıtmaq” istədiyini bildirsə də, ona rəsmən “persona non grata”, yəni arzuolunmaz şəxs statusu verilib. O, bunu “şəxsi təhqir və milli xəyanət” kimi qiymətləndirib və Paşinyanı “erməni xalqını türkün ayağına atan lider” adlandırıb.
Yeri gəlmişkən, Simonyanın rəhbərlik etdiyi Russia Today (RT) və “Rossiya Seqodnya” qurumları Kremlin informasiya alətləri kimi çıxış edir. Onun rəhbərliyi altında bu media strukturları təkcə Rusiya daxilində deyil, həm də postsovet məkanında və Qərbdə antidemokratik, anti-NATO, anti-Azərbaycan və anti-Ukrayna təbliğatı ilə seçilir.

Simonyan özü də dəfələrlə bildirib ki, jurnalistika onun üçün “obyektivlik deyil, döyüş silahıdır”.

Marqarita Simonyanın yüksək dövlət ordeni ilə təltif olunması onun yalnız Kremlin informasiya savaşında ön sırada durduğuna deyil, həm də rəsmi Moskvada millətçi və revanşist ritorikaların dəstəkləndiyinə işarədir. O, bu mükafatı alarkən “Bu, təkcə mənim deyil, doğulduğum xalqın – ermənilərin də qürurudur” deyərək çıxış edib.

Simonyan hazırda nəinki Azərbaycanda, hətta doğma saydığı Ermənistanda da rəsmən arzuolunmaz şəxsə çevrilib. Bu isə onun nə qədər ifrat və bölücü ritorika yürütməsinin bariz göstəricisidir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*