Azərbaycana qarşı yeni ÇİRKLİ OYUN – “Cavab çox sərt olacaq”backend

Azərbaycana qarşı yeni ÇİRKLİ OYUN – “Cavab çox sərt olacaq

Son vaxtlar sərhədin Sədərək rayonu ərazisində ermənilərin təxribatı ara vermir. Arazdəyən istiqamətindən mövqelərimizin tez-tez atəşə məruz qalması nəticəsində Azərbaycanın cavabı çox sərt olur. Atəşin məhz Arazdəyəndən açılması da təsadüfi deyil. Məsələ burasındadır ki, strateji mövqedə yerləşən, Sədərək rayonunun bir neçə kilometirliyində olan Arazdəyəndə metallurgiya zavodunun inşasına başlanılıb. Zavodun məhz Arazdəyəndə inşa olunması da sıradan hadisə deyil. Sədərəklə sərhədin seçilməsinin hərbi-siyasi tərəfləri var və nəhəng metallurgiya kompleksini Arazdəyəndə tikməkdə Ermənistanın məqsədi tamam başqadır.

Hərbi ekspert Ədalət Verdiyev KONKRET.az-a açıqlamasında sərhəddə tikilən metallurgiya mərkəzinin gələcəkdə hərbi məqsədlər üçün istifadə ediləcəyini istisna etmir:

“Arazdəyən kəndi Arazın sahilində, Naxçıvanın Sədərək rayonuna yaxın məsafədə yerləşir. Kənd tamamilə ermənilərin nəzarətindədir. 1988-ci ildən sonra azərbaycanlılar Arazdəyəndən tam çıxarılıb. Ermənilər kəndin adını da dəyişib Erasx qoyub. Arazdəyən mühüm strateji nöqtədə yerləşir. Bir vaxtlar İrəvan-Naxçıvan-Bakı avtomobil yolu, həmçinin dəmir yolu xətti də məhz Arazdəyəndən keçirdi. Ermənilərin həmin ərazidə atəşkəsi intensiv şəkildə pozması, ərazidə metallurgiya zavodunun tikintisi üçün mövqelər əldə etməsi, onların xüsusi planından xəbər verir. Həmin zonada atəşkəsin tez-tez pozulması Azərbaycanın daha adekvat addımlar atmasıyla nəticələnə bilər. Çünki istər metallurgiya zavodu, istər başqa işlər olsun, iki dövlətin sərhəd zonasına yaxın ərazidə yerləşirsə, tərəflər bir-birilə razılaşmalıydı.

O cümlədən ekologiya və sərhəddəki delimitasiya proseslərinə bu zavodun təsiri və digər amillər nəzərə alınmalıydı. Amma Ermənistan belə müzakirələrə hazır deyil və tələsik zavodun inşasına başlayıb. Bu isə beynəlxalq təcrübəyə və beynəlxalq hüquqa ziddir. Azərbaycan tərəfi ilə razılaşdırılmadığı üçün bu zavodun inşa edilməsi və fəaliyyəti mümkün olmayacaq. Digər tərəfdən, niyə Ermənistan özünün ərazisində kifayət qədər boş ərazilərin olduğu halda ABŞ bayrağı altında inşa edilən metallurgiya mərkəzinin tikintisini gətirib Zəngəzur dəhlizinin keçdiyi ərazidə həyata keçirir? O boyda Ermənistanda başqa ərazi tapılmırdı? Təbii ki, kifayət qədər yerləri var. Amma bu, ondan xəbər verir ki, Ermənistan tərəfi metallurgiya zavodu adı altında inşa edilən obyektdən gələcəkdə hərbi məqsədlər üçün istifadə edəcək”.

Laçın sərhəd keçid məntəqəsindəki son duruma toxunan ekspert vurğulayıb ki, ermənilərin sərhəddən qaçaqmalçılıq məqsədi ilə istifadə etməsi halları müəyyən edilib və bu da Azərbaycan qanunvericiliyinə ziddidir:

“Laçın sərhəd keçid məntəqəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin qaçaqmalçılıqla məşğul olması faktı meydana çıxdıqdan sonra keçid məntəqəsi bağlanıb. Erməni tərəfi sərhəddə, rusların müvəqqəti nəzarətində olan ərazilərdə atəşkəsi mütamadi pozmaqla üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırlar. Rusiya bu proseslərdə öz kontingentini ərazidə saxlamaqla erməni silahlılarının marağını müdafiə edir. Əgər yaxın bir neçə gün ərzində bu fəaliyyətlərə, xüsusi ilə də atəşkəs pozuntularına, ərazilərimizdə mühəndis- istehkam qurğularının inşasına, əsgərimizin gözü önündə müxtəlif faltifkasiya qurğularının yaradılmasına son verilməzsə, Azərbaycanın tərəfinin cavabı çox sərt olacaq”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*