Avro son dörd ilin pik nöqtəsinə çataraq ABŞ dolları qarşısında xeyli güclənib. Qlobal maliyyə bazarlarında bu dəyişikliklərə ABŞ və Çin arasında ticarət danışıqlarındakı qeyri-müəyyənliklər səbəb kimi göstərilir.
Dolların zəifləməsi, avronun bahalaşması fonunda Azərbaycan manatını nə gözləyir?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Rəşad Həsənov deyib ki, avronun möhkəmlənməsi daha stabil tendensiya ilə davam edir:
“Manatın məzənnəsi birbaşa ABŞ dollarına bağlıdır. Bu şəraitdə manat digər valyutalar, o cümlədən avro qarşısında avtomatik dəyər itirir. Avro ilə alış-verişlərdə manatın alıcılıq gücü aşağı düşür. Son 8 ildə ölkədəki məzənnə siyasəti bunun əsasında qurulub. Azərbaycan uzun müddətdir ki, məzənnəni sabit saxlayıb. Dolların ucuzlaşması ilə manatı da eyni aqibətin gözləməsi isə iqtisadiyyatın rəqabət aparma qabiliyyətinə pozitiv təsir göstərir. Nəzərə almalıyıq ki, bu, uzunmüddətli proses deyil. Son dövrlərdə baş verən hadisələr də buna təsir edir”.
İqtisadçı bildirib ki, ABŞ-da yeni administrasiya ilə Federal Ehtiyat Sisteminin (FED) siyasəti arasındakı fikir ayrılıqları, ticarət gərginlikləri və digər geosiyasi risklər dolların zəifləməsinə səbəb olub:
“Lakin bu vəziyyətin qalıcı olması ehtimalı azdır. Avronun bu qədər bahalaşması Avropa İttifaqı (Aİ) üçün orta və uzunmüddətli dövrdə arzuolunan deyil. Yaxın gələcəkdə avronun məzənnəsində müəyyən yumşalma siyasəti müşahidə edilə bilər”.