“Azərbaycanda bir də heç vaxt Heydər Əliyevdən olmayacaq!” – AKİF ƏLİbackend

"Azərbaycanda bir də heç vaxt Heydər Əliyevdən olmayacaq!" - AKİF ƏLİ

Akif ƏLİ, Fəlsəfə doktoru, Əməkdar jurnalist, yazıçı-publisist.

…1990-cı illəri, o illərin hadisələrini, mövcud ictimai-siyasi situasiyanı yada salaq,  düşünək: o dövrdə Vətəni, Xalqı və Dövləti labüd uçurumdan kim xilas edə bilərdi? Yəni o mürəkkəb zamanda çiyinlərini cəmiyyətin bütün ağrı-acıları, dərd-bəlaları qarışıq Azadlığın, Müstəqilliyin, Dövlətçiliyin qorunmasına dayaq verə bilən qüdrət sahibi kim ola bilərdi?!

Əlbəttə, bu sualın bir cavabı var: Heydər Əliyev!

Bu sualın başqa cavabı yoxdur!

Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik illərində gərgin ictimai-siyasi fəaliyyəti ilə, məsul dövlət vəzifəsi ilə yanaşı, xalqın milli-mənəvi dəyərlərinə qayğını da heç vaxt diqqətdən kənarda qoymazdı. O daim bu  dəyərlərin qorunmasına, təbliğinə, inkişafına çalışırdı.

Milli mədəniyyətə, bu mədəniyyətin daşıyıcıları olan ziyalı təbəqəsinə, elm, təhsil,  sənət adamlarına, yaradıcı şəxslərə xüsusi münasibət bəsləyən Heydər Əliyev deyirdi:

“Ziyalıların, mədəniyyət xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır. Çünki xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də böyük rolu var. Ancaq xalq həmişə mədəniyyəti ilə, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir.”

Bütün ömrü boyu ağır idarəetmə sahələrində çalışan ulu öndər həssas və müasir zövqlü elm, təhsil, mədəniyyət, sənət bilicisi idi. Onun incəsənət xadimləri ilə çoxsaylı görüşləri zamanı söylədiyi nitqlər, çıxışlar mədəni həyatımızın tarixini öyrənmək baxımından dəyərli  mənbə timsalıdır. Heydər Əliyev Azərbaycanın mədəni həyatında həm ideoloq, həm ilhamverici, həm də təşkilatıçı kimi iştirak etmişdir.

Hörmətli oxucuların buna dair çoxlu misallarla tanış olduğu səbəbindən, yalnız bir neçə məqamı sadəcə xatırlatmaqla kifayətlənmək istərdim.

…Heydər Əliyevin təşəbbüsü ilə “Kitabi-Dədə Qorqud” dastanı yenidən xalqın istifadəsinə qaytarıldı və əsərin tarixi əvvəllər deyildiyi, bəzi “etalon sovet ziyalılarının”  kitablarında oxuduğumuz kimi 700-800 il yox, daha da qədimləşdirirldi, 2000-ci ildə dastanın 1300 illiyi UNESCO çərçivəsində qeyd olundu.

Məhz Heydər Əliyevin uzaqgörənliyi və cəsarəti sayəsində Azərbaycan Dili ölkə Konstitusiyasında Dövlət dili kimi təsbit edildi, onun  qorunub saxlanması və inkişafı təmin olundu;

Sonralar isə dilimiziin dövlət statusu ilə yanaşı, Latın qrafikalı əlifbanın bərpası da təmin edirldi.

Milli mədəniyyətin mühüm sahələri olan teatr, kino, musiqi, memarlıq, heykəltəraşlıq, rəssamlıq, xalq yaradıcılığı, folklor və s. dəyərlərin qorunması, inkişafı üçün Heydər Əliyev xüsusi şərait yaradırdı. Məşhur sənət adamları – rəssamlar Tahir Salahov, Toğrul Nərimanbəyov, heykəltəraş Ömər Eldarov, musiqi xadimləri Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Müslüm Maqomayev… daha neçə-neçə görkəmli şəxslərin yaradıcılıq və sosial-məişət qayğıları daim Heydər Əliyevin diqqət mərkəzində idi.

O, teatr tamaşalarının premyeralarında bilavasitə iştirak edir, kulis arxasında aktyorlarla səmimi söhbətlər aparırdı. Bu isə səhnə sənətinin, aktyor və rejissorların inkişafına stimul verirdi.

Heydər Əliyev Azərbaycan kinosuna maraqlı ideyalar, mövzuları təklif edir və onların çəkilişini diqqətdə saxlayırdı. Mehdi Hüseynzadə haqqında “Uzaq sahillərdə” filmi,  qəhrəman sərkərdə ulu Babək haqqında “Babək” filmi, böyük filosof-şair İmadəddin Nəsimi haqqında “Nəsimi” filmi və b. ekran əsərləri məhz bilavasitə Heydər Əliyevin təklifləri əsasında ekranlaşdırılıb. O həmin filmlərin yaradılması üçün həm ideya verib, mövzunu təklif edib, həm də çəkiliş prosesinə maddi-mənəvi dəstək göstərib.

Mədəni tərəqqinin nəhəng qollarından olan ədəbiyyat haqqında Heydər Əliyevin xüsusi mülahizələri və mövqeyi vardı. İstedadlı qələm adamları İmran Qasımov, Bətiyar Vahabzadə, Məmməd Ararz, Xəlil Rza və daha neçə-neçə  yazıçı-şair onun həssas qayğısı ilə əhatə olunmuşdu. Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən ədəbi yaradıcılığa xüsusi əhəmiyyət verir, ədiblərin yığıncaq və toplantılarında iştirak edir, tövsiyyələrini verirdi.  Azərbaycan ədəbiyyatının qədim dastanlarından, ədəbi abidələrindən, aşıq poeziyasından, Низами, Füzuli, Nəsimi, Mirzə Fətəli, Mirzə Cəlil, Sabir, Hüseyn Cavid kimi söz ustadlarından danışır, yeri gəldikcə ədəbiyyat nəzəriyyəçisi, ədəbiyyatşünas alim sətiştəsi ilə spesifik yaradıcılıq məqamlarına toxunurdu. O, yazıçılarla görüşlərində ədəbi prosesə təkan, yazıçılara isə istiqamət və mövzu verən dəyərli fikirlər söyləyirdi. Dahi şəxsiyyətin həmin çıxışları ilə tanış olduqda görürük ki, zamanında ədəbiyyat və ədəbi proses barəsində uzaqğörənliklə deyilmiş fikirlər aradan yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq, öz aktuallığını itirmir, müasir ədəbi mühitdə baş verən olaylarla həmahəng səslənir. İstedada böyük qiymət verən ulu öndər deyirdi:

“…Yüksək keyfiyyətli ədəbi əsər o əsərdir ki, ən yüksək ideyalılıq və aktuallıq, eyni zamanda bədii sənətkarlıq və forma kamilliyi meyarlarına hökmən uyğun gəlsin… Bunlar isə ən əvvəl, əlbəttə, yazıçının özündən, onun istedadından, məsuliyyətindən asılıdır.”

Mətbuatın dostu olan Heydər Əliyevin mətbuata baxışı da ayrıca araşdırma tələb edən mövzudur. O KİV-ə, jurnalist peşəsinə həmişə yüksək dəyər verib. Mətbuatın gücündən vaxtında və qədərində istifadə etməklə xalq kütlələrini müstəqillik uğrunda mübarizəyə səfərbər edərdi. Həmişə jurnalist əməyini layiqli, əziyyətli zəhmət kimi qiymətləndirərək deyirdi:

“Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir.”

1993-95-ci illərdə “TMR” aksiyası, Oktyabr və Mart çevrilişlərinə cəhd situasiyalarında müdrik rəhbərin KİV-in imkanlarından necə məharətlə istifadə etməsi, ictimai fəaliyyət zamanı medianın gücündən  yararlanmaqla qeyri-adi siyasi gedişlər etməsi politoloqlar üçün nümunəvi örnəkdir.

Heydər Əliyev elmə, təhsilə böyük əhəmiyyət verirdi. Pedaqoji fəaliyyəti, müəllim peşəsini yüksək qiymətləndirərək deyirdi:

“Bizim  həyatımızda  müəllimlik ən hörmətli peşədir. Müəllim cəmiyyətimizdə görkəmli yer tutur. Müəllimə hamı hörmət edir və hörmət etməlidir.”

…Bütün bu sadalananlar ümummilli liderin Azərbaycanın mədəni həyatında necə yaxından iştirak etdiyinə, milli-mənəvi dəyərlərin qorunması və inkişafı üçün necə münbit şərait yaratdığına dair yalnız bəzi nümunələrdir. Ümumiyyətlə, Azərbaycan tarixinin son bir neçə yüz ilində heç bir dövlət xadiminə müyəssər olmayan nəhəng quruculuq işlərinə imza atan dahi liderin milli mədəniyyət sahəsində gördüyü xidmətləri də saymaqla bitməz.

Təsadüfi deyil ki, onun çoxşaxəli fəaliyyəti haqqında ölkə və xarici mətbuatda nə qədər dəyərli fikirlər səslənib, barəsində  kitablar, məqalələr yazılıb, filmlər çəkilib, tele-verilişlər hazırlanıb. Və bundan sonra da hələ nə qədər deyiləcək, yazılacaq, çəkiləcək.

…Bəli, Azərbaycanda çox siyasi xadimlər olub və olacaq. Çox dövlət başçıları, ölkə rəhbərləri olub və olacaq. Çox müdriklər, böyük  sərkərdələr, liderlər olub və olacaq…

Ancaq Azərbaycanda bir də heç vaxt Heydər Əliyevdən olmayacaq!

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*