“Azərbaycanda bu mexanizmin işləyib-işləməyəcəyi ilə bağlı proqnoz verə bilmirəm” – Partiya sədribackend

"Azərbaycanda bu mexanizmin işləyib-işləməyəcəyi ilə bağlı proqnoz verə bilmirəm" - Partiya sədri 

Qazaxıstanda korrupsionerlərin pulu ilə məktəblər tikiləcək. Qazaxıstan Prezidentinin tapşırığı ilə korrupsiya cinayətləri üzrə ələ keçirilən vəsaitlər Təhsil İnfrastrukturuna Dəstək Fonduna göndərilir. Azərbaycanda da korrupsioner məmurların həbs olunduğunu və onların əmlaklarının müsadirə edildiyini nəzərə alsaq, bu mexanizmin bizdə də tətbiqinin mümkünlüyünü söyləyə bilərik. Bəs görəsən, Azərbaycanda belə bir addımın atılması mümkündürmü? Yəni korrupsioner məmurların müsadirə edilən əmlaklarının təhsil, səhiyyə və digər sahələrin inkişafına sərf olunması reallaşa bilərmi?

Mövzunu KONKRET.az-a şərh edən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, hər ölkənin qanunvericiliyində korrupsiya pullarının müsadirə olunması və dövlət büdcəsinə qaytarılması ilə bağlı müvafiq maddələr var: “Burada xüsusi təşəbbüsə ehtiyac yoxdur. Bir çox hallarda mənimsənilən dövlət əmlaklarının və ya korrupsiya pullarının hansı formada xərclənməsi və büdcəyə qaytarılması qanunvericilikdə təsbit olunur. Ona görə də Azərbaycan qanunvericiliyində bununla bağlı hansısa boşluq yoxdur. Amma qanunun icra olunub-olunmaması, müsadirə edilən pulların büdcəyə qaytarılıb-qaytarılmaması məsələsi sual altındadır. Bunlar tamamilə fərqli məsələlərdir. Ola bilər ki, Qazaxıstanda bununla bağlı qanun layihəsi qəbul edilib. Amma əminəm ki, qanundan öncə də Qazaxıstanda müsadirə edilən korrupsiya pullarının hansı istiqamətə xərclənəcəyi bəlli idi. Azərbaycanda isə belə bir mexanizmin tətbiqi və işləyəcəyi ilə bağlı xüsusi proqnoz verə bilmirəm”.

Tural Abbaslı (@TuralAbbasli) / Twitter

Tural Abbaslının sözlərinə görə, normal qanunlar işləsə, heç nəyə ehtiyac qalmaz: “Azərbaycanda qanunlarla bağlı heç bir problem yoxdur. Problem bu qanunların işləməməsi ilə əlaqədardır. Ona görə də xüsusi təşəbbüsə ehtiyac duymuram, sadəcə yanaşma dəyişməlidir. Azərbaycanda nə qədər korrupsioner tutulsa da, proses davam edir. Əksinə biz tez-tez korrupsioner məmurların müsadirə olunan əmlaklarının özlərinə geri qaytarıldığını eşidirik. Bunu təəssüflə qeyd etməliyik”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*