Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev icra hakimiyyətlərində bəzi kadr dəyişiklikləri edib. Belə ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vəzifəsindən azad edilərək Beyləqan rayonunun icra başçısı təyin olunub. Suraxanı rayonunun icra başçısı isə Milli Məclisin vitse-spikeri Adil Vəliyev olub.
Bundan başqa, dövlət başçısı Qusar rayonuna da icra başçısı təyin edib. Belə ki, bu vəzifəyə vergilər nazirinin sabiq birinci müavini Sahir Məmmədxanov təyinat alıb.
KONKRET.az-ın məlumatına görə, bu təyinatlardan sonra Azərbaycanda icra başçısı olmayan şəhər və rayonların sayı 3-ə düşüb.
Onlardan biri Daşkəsən rayonudur. Belə ki, rayona 12 il müddətdən çox rəhbərlik etmiş Əhəd Abıyev 17 iyul 2023-cü ildə vəzifəsindən azad edilib. Onun yerinə təyinat olmayıb.
Bundan başqa, Culfa rayonunun icra başçısı Siyam Çərkəz oğlu Hacıyev 31 avqust 2023-cü il tarixində işdən çıxarılıb və onun da yerinə təyinat aparılmayıb.
17 noyabr 2023-cü il tarixində isə Prezident İlham Əliyev Mirsənani Seyidovu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Şəhər rəhbərinin yerinə hələ ki, təyinat olmayıb.//Unikal