Son illər xaricdə təhsil almaq istəyən gənclərin sayı əhəmiyyətli dərəcədə artıb. Lakin abituriyentlər arasında geniş yayılmış bir problem var ki, seçilən bəzi xarici universitetlərin diplomları Azərbaycanda tanınmır.
Əsas səbəb isə həmin ali təhsil müəssisələrinin öz ölkələrində rəsmi akkreditasiyaya malik olmamasıdır. Digər hallarda isə universitetin əsas kampusu akkreditə olunsa da, başqa ölkədəki filialı və ya təmsilçiliyi heç bir hüquqi status daşımır. Bu isə məzunların ölkəyə qayıtdıqdan sonra diplomlarının rəsmi tanınmaması ilə nəticələnir.
Bəs bunun üçün nələrə diqqət etmək lazımdır?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov News24.az-a bildirib ki, xaricdə təhsil almaq istəyən gənclərin sayı ildən-ilə artır, bu da qloballaşan dünyada Azərbaycan gənclərinin fərdi inkişaf və peşəkar rəqabətlilik baxımından öz imkanlarını genişləndirmək istəyi ilə bağlıdır:
“Lakin bu meyil rasional planlaşdırılmadıqda və hüquqi-məntiqi əsaslandırılmadan həyata keçirildikdə, nəticədə diplom tanınmayan, əmək bazarında etibarsız sayılan yüzlərlə təhsil nümunəsi ilə qarşılaşırıq. Təəssüf ki, xaricdə oxuyanların bir hissəsi diplomları ilə Azərbaycanda nə işləyə, nə də təhsillərini davam etdirə bilir. Bu isə həm şəxsi resurs itkisinə, həm də ümumilikdə təhsil siyasətində etimadsızlıq yaradır”.
Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 38.1-ci maddəsinə görə, xarici ölkələrin ali təhsil müəssisələrinin verdiyi diplomların ölkə ərazisində tanınması yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan – Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir:
“Bu orqan həmin təhsilin keyfiyyətini, forma və məzmununu, ölkədəki ekvivalentliyini yoxlayaraq tanınma və ya tanınmama qərarı verir. Lakin problem ondadır ki, abituriyentlər xaricdəki təhsil müəssisəsini seçərkən bu mərhələni nəzərə almır, diplomun nostrifikasiyası sonradan düşünülən məsələ kimi qalır”.
Əsədov qeyd edib ki, statistikaya əsasən, 2023-cü ildə TKTA-ya xarici diplomların tanınması üçün 10 mindən artıq müraciət daxil olub. Bu müraciətlərin təxminən 21%-i rədd cavabı alıb və ya əlavə ekspertiza tələb olunub. Rədd edilmiş halların əsas səbəbləri sırasında təhsil müddətinin azlığı, distant və ya ekstern təhsil formaları, akkreditasiyasız və qeydiyyatsız ali məktəblər və ixtisas uyğunluğunun olmaması dayanır:
“Bu isə onu göstərir ki, xaricdə təhsil almış şəxslərin mühüm bir qismi əslində ya qeyri-legitim diplom əldə edib, ya da Azərbaycan təhsil sisteminə uyğun olmayan proqramlarda iştirak edib. Dünyada tanınmış ali təhsil sistemləri bu məsələyə ciddi nəzarət mexanizmi ilə yanaşır. Məsələn, Almaniyada yalnız “Hochschule” statusu almış universitetlərin diplomları beynəlxalq aləmdə qəbul olunur. Birləşmiş Krallıqda isə QAA (Quality Assurance Agency) tərəfindən akkreditə olunmamış heç bir proqram rəsmi status daşımır”.
Ekspertin sözlərinə görə, ABŞ-da hər bir universitetin və proqramın “regional accreditation” statusu yoxdursa, həmin diplom nə işəgötürənlər, nə də digər təhsil müəssisələri tərəfindən etibarlı sayılmır. Azərbaycanda isə bu istiqamətdə sistemli marifləndirmə aparılmadığı üçün valideynlər və tələbələr üçün “xaricdə təhsil” anlayışı hələ də romantik təsəvvür üzərində qurulub:
“Ən çox diplom tanınmayan və ya nostrifikasiyada problem yaşanan ölkələr sırasında Gürcüstan, Moldova, Ukrayna, Şimali Kipr, Qazaxıstan və Qırğızıstan yer alır. Bu ölkələrdə bəzi özəl universitetlər sadəcə qeydiyyatda olan, lakin real akademik tədris verməyən müəssisələr kimi fəaliyyət göstərir. Xüsusilə tibb, hüquq və pedaqoji sahələrdə oxuyan tələbələrin diplomları tədris müddəti və praktik baza baxımından Azərbaycan standartlarına uyğun gəlmədiyi üçün rədd olunur. Bu isə gəncin 5–6 ilini və ailənin böyük maliyyə resurslarını heçə çıxarır. Əgər diplom tanınmırsa, bu, təhsilin də, biliklərin də rəsmi dəyərinin olmaması deməkdir”.
Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu sahədə effektiv fəaliyyət göstərmir. Xaricdə təhsilə dair sistemli maarifləndirmə kampaniyası yoxdur. Nə təhsil sərgilərində, nə media platformalarında, nə də məktəblərdə diplom tanınması meyarları barədə valideynlərə və şagirdlərə açıq şəkildə məlumat verilmir. Nazirlik bu prosesi yalnız fərdi təşəbbüslərə buraxıb, halbuki bu, dövlət səviyyəsində planlaşdırılmalı olan məsələdir. Nə proqram uyğunluğu haqqında təhlil mövcuddur, nə də beynəlxalq təhsil bazarına dair rəsmi məlumat bazası təqdim olunur. TKTA isə bu prosesdə texniki qurum kimi çıxış edir, strateji marifləndirmə funksiyası demək olar ki, yoxdur.
- Nə dəyişməlidir? Əvvəla, xaricdə təhsil almaq istəyən hər bir gənc üçün məcburi şəkildə rəsmi “təhsildən öncəsi məlumatlandırma konsultasiyası” yaradılmalıdır. Bu konsultasiya çərçivəsində tələbəyə oxumaq istədiyi ölkə, universitet, ixtisas və təhsil forması üzrə diplomun Azərbaycanda tanınıb-tanınmaması haqqında rəsmən yazılı məlumat verilməlidir. İkincisi, TKTA nostrifikasiya olunan və olunmayan universitetlərin dinamik siyahısını ictimaiyyət üçün əlçatan formada yeniləməlidir. Üçüncüsü, Elm və Təhsil Nazirliyi məktəblərdə xaricdə təhsillə bağlı dərs saatları çərçivəsində məsləhət yönümlü seminarlar keçirməli, gəncləri tələyə düşməkdən qorumalıdır.
Əgər bu addımlar atılmazsa, hər il xaricdə oxuyan, amma ölkəsinə qayıtdıqda diplomunu “keçərsiz kağız parçası” kimi görən gənclərin sayı artacaq. Bu, nəinki fərdi faciədir, həm də milli təhsil siyasətində böyük sistem boşluğunun göstəricisidir. Dövlət təhsili yalnız daxildə deyil, xaricdə də düzgün planlamalı, əks halda minlərlə gəncin taleyi yanlış informasiya üzündən risk altına düşəcək. Təhsil məsuliyyətsiz romantika deyil, strateji qərardır – bunu başa düşməyin və izah etməyin vaxtıdır”, – deyə Kamran Əsədov vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda diplomları tanınmayan universitetlərin siyahısı Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən News24.az-a təqdim olunub. Həmin siyahı ilə buradan (Azərbaycanda diplomları tanınmayan universitetlərin siyahısı) tanış ola bilərsiz.