Azərbaycanda mənzil alışı ilə bağlı risklər son illərdə daha çox aktual mövzuya çevrilib. Alıcılar arasında hüquqi, texniki və maliyyə problemləri ilə üzləşənlərin sayı getdikcə artır.
KONKRET.az xəbər verir ki, əmlak üzrə ekspert Mədət Ömərovun milli.az-a verdiyi açıqlamaya görə, xüsusilə ilk dəfə ev alan şəxslər üçün bəzi əsas məqamlar var ki, onlara əməl etməmək ciddi fəsadlara yol aça bilər.
Sənədləşmə və hüquqi status
Ekspert bildirir ki, hazırda satışda olan evlərin təxminən 30 faizi çıxarışsızdır.
“Kupçası olmayan mənzilləri nə ipoteka ilə almaq, nə də problemsiz satmaq mümkündür. Alıcı mütləq şəkildə evin çıxarışını, texniki pasportunu və kadastr kodunu yoxlamalıdır”, – deyə Ömərov vurğulayıb.
Yerləşmə və infrastruktur
Mədət Ömərovun sözlərinə görə, mənzilin yerləşdiyi ərazi onun qiymətinə təxminən 60 faiz təsir edir:
“Nəqliyyata, məktəbə, xəstəxanaya, ticarət obyektlərinə yaxınlıq həm dəyərə, həm də yaşayış rahatlığına birbaşa təsir göstərir”.
Tikinti şirkətinin etibarlılığı
“2023-cü ildə 50-dən çox tikinti şirkəti hüquqi çəkişmələrlə gündəmə gəlib. Şirkətin əvvəlki layihələrinə, təhvil vermə tarixlərinə və müştəri rəylərinə baxmadan qərar vermək ciddi riskdir. Yeni şirkətlərlə isə xüsusilə ehtiyatlı olmaq lazımdır”, – ekspert xəbərdarlıq edir.
Qiymət və bazar dəyəri
Ekspertin sözlərinə görə, alıcıların 40 faizi mənzili bazar dəyərindən baha qiymətə alır:
“Eyni ərazidəki digər mənzillərlə müqayisə etmədən qərar vermək yanlışdır. Keyfiyyət, mərtəbə, planlama kimi detallara uyğun qiymət formalaşmalıdır.”
Sahə və planlaşdırma
Yeni tikililərdə sahənin 15-20 faizi ümumi istifadə yerlərinə aiddir. Ömərov bildirir ki, alıcı real yaşayış sahəsini yoxlamalı və otaqların funksionallığına, gün işığına, ventilyasiyaya diqqət yetirməlidir.
Kommunal xidmətlərin vəziyyəti
“Yeni tikililərdə tez-tez qaz, su və elektrik xətlərinin hələ istifadəyə verilmədiyini görürük. Binanın rəsmi olaraq istismara qəbul olunub-olunmadığı mütləq yoxlanmalıdır,” – deyə ekspert bildirir.
Tikintinin tamamlanma vəziyyəti
Mədət Ömərov deyir ki, hazır olmayan binadan mənzil almaq daha ucuz görünə bilər, lakin bu zaman risklər artır:
“2022-ci ildə Bakı və ətrafında tikintisi yarımçıq qalan layihələrin sayı 20 faizə qədər artıb. Müqavilədə təhvil tarixi və gecikmə cərimələri mütləq göstərilməlidir.”
İzolyasiya və texniki keyfiyyət
Ekspertin fikrincə, evlərin təxminən 25 faizi səs və istilik izolyasiyası baxımından zəifdir. Alıcı divar materialları, pəncərə keyfiyyəti və istilik sistemi kimi texniki detalları yoxlamadan qərar verməməlidir.
Vasitəçilərlə iş
“Son illərdə alıcıların 35 faizi vasitəçilərlə problem yaşayıb. Rəsmi müqavilə ilə işləyən əmlak ofislərinə üstünlük verilməlidir. Pul ödənişləri zamanı isə qəbz alınması vacibdir,” – deyə ekspert tövsiyə edir.
İnvestisiya baxımından gələcək dəyər
Mədət Ömərov qeyd edir ki, mənzili təkcə yaşamaq yox, investisiya aləti kimi dəyərləndirənlər ərazi üzrə inkişaf planlarına diqqət yetirməlidirlər:
“Məsələn, metro tikintisi planlanan ərazilərdə qiymətlər 2-3 il ərzində 40 faizə qədər artıb. Bu tip ərazilər uzunmüddətli gəlir baxımından daha əlverişlidir.”
Ekspert son olaraq qeyd edir ki, mənzil alışı yalnız “xoş təsir” və vizual təəssüratla deyil, hüquqi, texniki və iqtisadi analiz əsasında aparılmalıdır.
“Sənədsiz evlər, natamam tikililər və şübhəli vasitəçilər alıcını illərlə problemə sala bilər. Bu 10 əsas məqamı nəzərə alan alıcı həm hüquqi təhlükəsizlik, həm də dəyərini qoruyan bir əmlaka sahib ola bilər”, – deyə o, vurğulayıb.