Cəmiyyətdə demokratik mexanizmlərin mövcudluğunu fikir, söz və məlumat azadlığının olması təsdiq edir. Fikir, söz və məlumat azadlığının sivil cəmiyyətin atributu sayılması da bu baxımdan heç də təsadüfi deyil. Müasir cəmiyyətin formalaşmasında bu azadlıqların müstəsna rolunun olması da təkzibedilməzdir. Ölkəmizdə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinin diqqət mərkəzində olması da bu baxımdan başadüşüləndir və bu, cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir.
Ötən əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycanın həmin dövrdə olan səriştəsiz AXC-Müsavat hakimiyyəti demokratiyadan, fikir, söz, mətbuat azadlığından, plüralizmdən dəm vursa da, bunların heç biri müşahidə edilmirdi. Əksinə, həmin dövrdə müstəqilliyini yenicə bərpa edən ölkəmizdə ancaq xaos, qarmaqarışıqlıq, hərcmərclik hökm sürürdü ki, belə bir məqamda vətəndaşlarımızın hüquq və azadlıqları, eləcə də demokratik mexanizmlər o zamankı hakimiyyətin heç yadına da düşmürdü. Ancaq quru vədlər verən həmin o dövrün səriştəsiz hakimiyyətinin apardığı doğru olmayan siyasət cəmiyyətimizin parçalanmasına gətirib çıxarırdı və artıq Azərbaycan vətəndaş müharibəsi astanasında idi. İdarə edilməz olan müxtəlif silahlı dəstələr, qruplar ortaya çıxmışdı və onların qanunlara tabe olmamaları, qarışıqlıq yaratmaları fonunda heç bir azadlıqdan, heç bir plüralizmdən danışmağa belə dəyməz. Özünə qoçu dəstəsi toplayanların hakimiyyət iddiasında olması fonunda demokratiyadan və insanların hüquqlarından, azadlıqlarından danışmaları əlbəttə ki, olduqca absurd səslənirdi.
Müstəqilliyini yenicə bərpa edən və xaosa, qarışıqlığa sürüklənən Azərbaycan nəinki demokratik mexanizmlərdən məhrum olmuşdu, hətta ölkəmiz öz suverenliyini də itirməkdə idi. Belə bir təhlükənin mövcudluğunu cəmiyyətimiz çox yaxşı hiss edirdi və ölkəmizə olduqca, kifayət qədər səriştəli, təcrübəli, zəkalı, uzaqgörən və xalqının qayğısına qalan, insan hüquq və azadlıqlarını qoruyacaq Ulu Öndər Heydər Əliyev kimi bir rəhbərin lazım olduğunu yaxşı bilirdi. Elə buna görə də Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı təkidli tələblə çıxış etdi. Təbii ki, Ulu Öndər də xalqının səsinə səs verdi, Azərbaycan xalqının tələbi ilə yenidən hakimiyyətə qayıtdı və xalqımızın bütün gözləntiləri özünü doğrultdu. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ən tez zamanda bütün qarmaqarışıqlıqlar, bütün hərcmərcliklər, xaos, qanunsuzluqlar dərhal aradan qaldırıldı, Azərbaycan vətəndaşlarının bütün hüquq və azadlıqları təmin edildi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə həm müstəqilliyimizin itirilməsi təhlükəsi, həm vətəndaş müharibəsi qorxusu aradan qalxdı, həm də ölkəmizdə insanların təhlükəsizlikləri, qanuni haqları, fikir, söz, məlumat, mətbuat azadlıqları, eləcə də plüralizmin inkişafı təmin edildi. Ona görə də cəsarətlə deyə bilərik ki, ölkəmizdə fikir, söz, məlumat azadlığının təmin olunmasında, plüralizmin inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna rolu, xidmətləri danılmazdır və bu gün dövlətimiz dahi rəhbərin bizə miras qoyduğu demokratik cəmiyyətin inkişaf etdirilməsini təmin edir. Ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyev demokratiyanın mövcudluğuna, fikir, söz, məlumat azadlığına, plüralizmin inkişafına xüsusi önəm verir və bizdə demokratik mexanizmlər qorunmaqdadır.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, hər bir ölkədə mətbuat azadlığı, fikirlərin müstəqil şəkildə ifadə edilməsi və plüralizmin inkişaf etdirilməsi cəmiyyətin demokratik inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Cavanşir Abbaslı
Onun sözlərinə görə, Azərbaycan da bu istiqamətlərə önəm verir və vətəndaşların fikir azadlığının təmin olunması üçün müxtəlif platformalar mövcuddur:
“Azərbaycanda insanlar fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər. Azərbaycan xalqı tarixən müstəqil düşüncəyə malik olub. Hətta sovet dövründə, imperiya əsarəti altında olduğumuz zamanlarda belə müstəqillik ideyaları xalq arasında yaşayırdı. Bu da xalqın fikir azadlığına daim can atmasından irəli gəlir”.
Siyasi şərhçi hesab edir ki, plüralizmin möhkəmlənməsi həm cəmiyyətin, həm də dövlətin davamlı inkişafına xidmət edir.
Aynurə İsmayıl,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.