İnsan hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi, demokratik və dünyəvi dövlət yaradılması, vətəndaş cəmiyyətinin qurulması həmişə bəşəriyyəti düşündürən problemlərdən olub. Hüquqi dövlət bir ideya, elm, nəzəriyyə, siyasi konsepsiya və praktika kimi bəşəriyyətin azadlıq, ədalət uğrunda mübarizəsi nəticəsində əldə etdiyi nailiyyətlərin ən mühümüdür. Məhz hüquqi dövlət şəraitində əsas insan və vətəndaş hüquqları və azadlıqları, hamının qanun və məhkəmə qarşısında bərabərliyi vətəndaş cəmiyyətinin bərqərar olunması təmin edilə bilər. Bunları həyata keçirməyi qarşısına məqsəd qoyan Azərbaycan Demokratik Respublikası süquta uğradıqdan sonra sovet məkanında uzun müddət yaşayan Azərbaycan xalqı özünün çoxəsirlik dövlətçilik ənənələrini davam etdirərək, 18 oktyabr 1991-ci ildə qəbul etdiyi “Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı” ilə dövlətimizi rəsmi olaraq ADR-ın varisi və müstəqil respublika elan etdi. Məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışından sonra isə ölkədə siyasi sabitlik təmin olundu, zorakı dövlət çevrilişlərinin qarşısı alındı, qanunçuluq və hüquq qaydaları möhkəmləndirildi, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının qorunması dövlətin başlıca vəzifəsinə çevrilməyə başladı. Bu siyasət indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli fəaliyyət planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixdə imzaladığı Sərəncamda Azərbaycanın müasir inkişaf dövrünün hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.
Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində atılan addımları görmək üçün ilk növbədə Konstitusiyaya nəzər salmaq lazımdır: “Konstitusiyamızın təqribən yarıdan çoxu vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə yönəlib və bu sahədə olan münasibətləri özündə ehtiva edir. Bu baxımdan insanların hüquqi-siyasi və mədəni səviyyəsinin yüksəldilməsi üçün də dövlət lazımı tədbirləri həyata keçirir. Sosial və siyasi fəallığın artırılmasında həm də vətəndaş cəmiyyəti fəal rol oynayır. İctimai fəallar və vətəndaş cəmiyyətinin üzvləri öz çıxışlarında ictimai rəyə təsir edə bilirlər. Bu gün sosial şəbəkələr informasiya xarakteri daşıyır, həm də sosial-mədəni tədbirlərin keçirilməsində mühüm rol oynayır. İnsanların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı Azərbaycan çox böyük yol qət edib və bu, beynəlxalq hesabatlarda da öz əksini tapıb. Qeyd etmək lazımdır ki, Azərbaycan Vətən müharibəsində qazandığı qələbədən sonra dünya miqyasında əsas diqqət mərkəzinə çevrilməyi bacarıb. Bu xüsusda ölkəmizdə insan və vətəndaş hüquqları ilə bağlı uzun müddət Ermənistan təbliğat maşınının təsiri nəticəsində həqiqəti əks etdirməyən və təhrif olunan məlumatlar beynəlxalq təşkilatlarda özünə yer tapıb. Bu, həm ikili standartların, həm qərəzin, həm də ölkəmizə qarşı məkrli mövqeyin nəticəsidir. Ancaq əminliklə demək olar ki, Azərbaycanda insan hüquq və azadlıqları qorunur, sosial-siyası fəallıq bunu deməyə əsas verir”.
Politoloq əlavə edib ki, regionda yaranan yeni geosiyasi reallıqlar şəraitində Azərbaycanda olan ermənilər də, digər ölkə vətəndaşlarına verilən hüquq və azadlıqlar çərçivəsində öz gələcəklərini formalaşdırırlar: “Onların hüquq və azadlıqlarının qorunması isə Azərbaycanın daxili işidir. Ermənistan tərəfi bu məsələni beynəlxalq müstəvidə dəfələrlə qaldırsa və ölkəmizə qarşı müxtəlif ittihamların və böhtanların ayaq açmasına çalışsa da, buna müvəffəq olmadı. Müzəffər Ali baş Komandan İlham Əliyev siyasi gündəliyin milli maraqlarımızın müdafisəinə uyğun təmin olunmasını reallaşdırdı. Bu gün də, sözügedən istiqamətdə siyasi danışıqlar həyata keçirilir. Bir neçə gün öncə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən görüşdən sonra razılaşdırılan bəyanatda, biz ermənilərin statusu, hüquq və azadlıqları ilə bağlı hər hansısa bir məsələyə rast gəlmədik. Buradan belə bir təəssürat formalaşır ki, artıq Azərbaycan öz siyasi gündəliyini və diqtə etdiyi şərtləri həm də danışıqlar masasına yatırır. Ona görə də, insanların hüquq və azadlıqları, onların siyasi aktivliyi, sosial fəallığı ilə bağlı ölkəmizə qarşı həyata keçirilən şər-böhtan kampaniyası heç bir nəticə vermir. Azərbaycan bütün beynəlxalq platformalarda bu sahədə fəaliyyətin genişmiqyaslı xarakter alması ilə bağlı açıq və şəffaf məlumatların, eləcə də əlçatanlığın təmin olunmasında müvafiq şəraiti yaradır”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi, mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusuna uyğun olaraq dərc edilir.