Azərbaycanda interneti kartof kimi satırlar: “Deyirlər ki, mütləq 5 kilo almalısan”backend

Azərbaycanda interneti kartof kimi satırlar: “Deyirlər ki, mütləq 5 kilo almalısan”

Bir neçə gündən sonra istehlakçılar interneti yeni qiymətlərlə əldə etməli olacaqlar.

15 avqust 2024-cü il tarixindən etibarən qüvvəyə minəcək bu qərara əsasən “Aztelekom” GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq.

Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək.

Mütəxəssislər deyir ki, xarici ölkələrdə internetlə bağlı qaydalar fərqlidir. Məsələn, Estoniyada abonentlər provayderdən 1-2 saatlıq, yaxud 2 günlük internet əldə edə bilərlər. Əgər vətəndaş 1 ay evdə olmayacaq, tətilə gedəcəksə, cəmi 2 gün evdə olacaqsa, 2 dollarlıq internet qrafiki əldə edir. Qalan ay üçün məcburi ödəniş etmir. Ancaq bizdə mənzildə vətəndaş yaşamasa da, 30 gün üçün 20-25 manat ödəməli olur. Yəni 2 gün evdə olursa, məcburən 28 günün də pulunu ödəməlidir.

Burada da hüquqlar pozulur. Yaxud mənzili kirayə verir, ev 2 ay boş qalırsa, məcburən internet pulunu ödəməlidir. Həmin pulu ödəmədikdə borc yığılır. Ona görə də “istifadə etdin-etmədin ödəməlisən!” anlayışı normal inkişaf etmiş ölkələrdə yoxdur.

Qeyd edək ki, ölkəmizdə Rəqabət Məcəlləsi təsdiqlənib. Bu gün ölkədə bir çox özəl internet provayderləri də fəaliyyət göstərir. Niyə bu gün internet qiymətləri istehlakçıya məcburi şəkildə tətbiq edilir və Rəqabət Məcəlləsi olduğu halda, bu proses rəqabət yolu ilə həll edilmir? İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, əslində belə olmamalıdır və internet provayderləri insanlara daha az həcmdə internet almağı təklif etməlidirlər:

“Sadə dildə desək, məsələn, mən bazara kartof almağa getmişəm və mənə 1 kiloqram kartof lazımdır. Deyirlər ki, mütləq 5 kiloqram almalısan və onun da qiyməti budur. Təbii ki, internet provayderlər hər bir ölçüdə paket təklif etməlidir. Yəni 1, 2 Mbit və buna uyğun da qiymət müəyyən edilməlidir. Başqa cür də ola bilməz. Bu həqiqətən də başqa halda Rəqabət Məcəlləsinin, istehlakçı hüquqlarının kobud pozuntusu olacaq.

Mənə elə gəlir ki, belə aşağı Mbit və qiymətlər də var, ancaq qiymət artımını göstərmək üçün misal kimi qeyd edirlər. Məsələn, kim indiyədək 15 manat ödəyirdisə, indi 25 manat verəcək. İnternet provayderlər yalnız o zaman ən minimal paketlə bağlı deyə bilərlər ki, ondan az ola bilmir. Bunu da isbat etməlidirlər. Əgər minimal paket yoxdursa, bu pozuntudur”.

Ekspertin sözlərinə görə, Azərbaycanda real olaraq internet sahəsində rəqabət yoxdur:

“Digər şirkətlər də “Aztelekom”dan asılı vəziyyətdədir. Hətta bir qədər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirmişdi ki, inhisarçı kimi “Aztelekom”a qarşı sanksiya tətbiq ediblər.

Bu işin necə nəticələndiyini bilmirəm. Ümumiyyətlə, Azərbaycanda real rəqabət mühiti olmadığı üçün belədir. O cümlədən, internet sahəsində real rəqabət mühiti yoxdur”.

  • Şərif
    İyul 23, 2024 - 07:21

    Dünyada internetin qiyməti qəpik quruşa endiyi halda, bizim inhisarçı dövlətin inhisarçı işbazları qiymət qaldırırlar

  • VÜQAR
    İyul 23, 2024 - 08:39

    Ölkədə nəzarət yoxdu.Qanunlarda ancaq qara camaat üçündü.Ona görədə bunlar istədiklərini edirlər.345 manat əmək haqqı,364 manat pensiya verilən ölkədə xalq necə ödəsin internet pulunu.

  • Nano texno
    İyul 23, 2024 - 20:52

    Vicdansızlıq baş alıb gedir, verdikləri internet nədir ki, dedikləri ilə verilən internet arasında atla eşşək qədər fərq var, Azərbaycanda internet yox səviyyəsindədir.

  • Haller
    İyul 23, 2024 - 23:01

    Gunahkar kimdir?!…harada yasadiginizi unutmayin!!!

  • Məhəbbət
    İyul 24, 2024 - 02:12

    Salam dərdimizi kimə deyək?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*