Artıq jurnalistika fakültəsinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən qəbul imtahanı yekunlaşıb. İmtahanda məqbul qiymət alanlar ixtisas seçimi zamanı jurnalistika fakültəsini seçə biləcəklər. Jurnalistika fakültəsində təhsil almaqla bağlı mübahisələr isə öz aktuallığını hər zaman olduğu kimi qoruyub-saxlayır. Belə ki, bu ixtisasda təhsil almağı vacib hesab etməyənlər ilə yanaşı, önəmli amil hesab edənlər də kifayət qədərdir.
Jurnalistika fakültəsini bitirən və iş tapa bilməyən bəzi tələbələr isə qeyri-ixtisas sahiblərinin jurnalist işləməsindən şikayətlənirlər.
Peşəkar jurnalistlər isə başqa cür düşünür. Əksər hallarda qeyri-ixtisasları bitirib jurnalistikaya gələnlər daha istedadlı və qabiliyyətli olur.
Bəs jurnalist olmaq üçün jurnalistika fakültəsində təhsil almaq vacibdirmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu qeyd etdi ki, jurnalist olmaq üçün jurnalistika təhsili almaq vacib deyil:
“Jurnalist olmaq üçün jurnalistika təhsili vacib deyil, ümumən təhsilli olmaq əhəmiyyətlidir. Ali təhsilli insanın yaratdığı media məhsulu ilə təhsilsiz birinin işi eyni ola bilməz. Jurnalistin qeyri-peşə sahəsindən yox, savadlı, bacarıqlı olması daha önəmlidir. İstər jurnalistika, istər qeyri-peşə təhsili olanların sırasında istedadlı insanlar var. Jurnalistin psixoloji durumu, dünyagörüşü, düşünmək qabiliyyəti də yerində olmalıdır. Tək peşə təhsili almaq yetərli deyil”.
Ekspertin sözlərinə görə, jurnalist olmaq istəyən fərdin ən sadə tapşırıq olan esse yaza bilməməsi sual doğurur:
“Hazırda bir fərdin jurnalist ola bilmə bacarığını bir esse ilə qiymətləndirmək praktikası var. Bu gələcək jurnalistin görə biləcəyi ən sadə tapşırıqdır. Esse yaza bilməyən birisinin bu peşədə nəsə edə biləcəyi sual doğurur. Hər peşədə bir tələb var. Məsələn, Tibb universitetində gələcək həkimləri morqa aparırlar. Elə ekstremal jurnalistləri də. Mətbuat konfransından xəbər, hadisə yerindən reportaj hazırlamaq lazım gəlir. Həm yazı yazmalı, həm də çəkiliş etməlisən. Hər bir müsahibə bir kiçik müharibəyə bənzəyir. Qarşı tərəf susmağa üstünlük verir, biz isə nə olursa-olsun məlumat almalıyıq. Hər bir halda cəmiyyətin jurnalistdən gözləntisi böyükdür. Nə qədər acınacaqlı olsa da, hətta jurnalistika fakültəsi məzunlarının bir çoxunun ən adi esseni yazmaqda çətinlik çəkdiyini dəqiq bilirəm. Bir təlimçi kimi işimin əsas hissəsi elə gənc jurnalisti yazı yazmağa həvəsləndirməkdir. Kitab oxumayan, ya da xarici dillərdə oxuyan hansısa gəncin əməlli-başlı yazı yaza bilməməsi ilə hər gün qarşılaşıram”.
O həmçinin vurğuladı ki, jurnalistika fakültəsinə qəbul prosesi bir qədər sərtləşdirilərsə, ölkədə bu fakültə tamam boşala bilər.
Təhsil eksperti Elçin Muradın fikrincə isə jurnalistika fakültəsinə qəbul olmaq istəyən şəxsin danışıq qabiliyyəti, söz ehtiyatı və nitqi qaydasında olmalıdır:
“Hazırda hər kəs jurnalistika fakültəsinə dırnaqarası baxır. Jurnalistika fakültəsinə qəbul olmaq istəyən şəxsin danışıq qabiliyyəti, söz ehtiyatı və nitqi qaydasında olmalıdır. Başqa ixtisas sahiblərinin jurnalistika fakültəsində yer almasının ən böyük səbəblərindən biri budur. Lakin jurnalist olmaq üçün bu fakültəni oxumaq lazım deyil deyənlərə mənfi münasibət bəsləyirəm. Çünki bu fakültə hər cür detallara yiyələnib, ona əməl edəcəyimiz ixtisasdır. Buna görə də jurnalistika fakültəsi oxumadan jurnalist olmaq düzgün deyil. Hardasa müəyyən praktiki bilik qazananlar bu sahənin sadəcə səthi tərəfini öyrənirlər, gələcəkdə dərin situasiya qarşısında qalanda vəziyyətdən çıxmağı bacarmırlar. Bu fakültəni bitirən şəxs daha rahat və professional formada düşdüyü vəziyyətdən çıxmağı bacarır”.
Ekspertin qənaətinə görə, bu sahəyə xüsusi dövlət nəzarəti olmalıdır ki, qeyri-ixtisas sahibləri jurnalist olaraq fəaliyyət göstərməsinlər:
“Bu sahədə dövlətin xüsusi nəzarəti olmalıdır. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin bu sahəyə xüsusi diqqəti olmalıdır ki, jurnalistika ixtisasını bitirməyənlərin bu sahədə işləməsinə icazə verilməsin. Jurnalistika fakültəsi fərdlərin peşəkar biliklərə yiyələnərək jurnalist olmaları üçün yaranıb. Hər hansı ixtisas nümayəndəsinin nitq qabiliyyəti, söz ehtiyatı var deyə jurnalist olması düzgün və qəbuledilən deyil”.
E.Murad həmçinin abituriyentlərin jurnalistikaya qabiliyyət imtahanında esse yaza bilmədiyinə görə kəsilməsini düzgün yanaşma hesab etmir:
“Ola bilər ki, abituriyent imtahan zamanı fikrini ifadə edib esse yaza bilməsin, lakin çöldə şifahi nitqdə daha peşəkar olsun. Buna görə də onun qabiliyyətini yalnız esse ilə dəyərləndirmək düzgün deyil. Abituriyent bir qədər konsultasiya edildikdən sonra müəyyən edilməlidir ki, o bu fakültəyə yararlıdır, ya yox”.
Aygün Mirakif,
KONKRET.az