2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) hazırlıq işlərinə artıq başlanılıb.
KONKRET.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
“Ümumdünya Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın ən böyük beynəlxalq tədbiridir və hər iki ildən bir təşkil olunur. Forumun əsas koordinatoru BMT-nin məskunlaşma üzrə ixtisaslaşmış təşkilatı olan UN-Habitat-dır. Hazırda UN-Habitat ilə sıx əməkdaşlıq çərçivəsində forumun təşkilati məsələləri, proqramı, məzmunu və iştirakçılarla bağlı hazırlıq işləri görülür”, – Komitə sədri deyib.
A.Quliyev əlavə edib ki, Ümumdünya Şəhərsalma Forumu BMT tərəfindən təşkil edilən ikinci ən böyük tədbir hesab olunur: “Bu il Bakıda keçirilən COP29 iqlim konfransında da şəhərsalma əsas müzakirə mövzularından biri olub. Gələcək COP tədbirlərində də bu istiqamətdə işlər davam etdiriləcək.
2026-cı ilin may ayında Bakının ev sahibliyi edəcəyi Forum çərçivəsində bir sıra nazirlərin iclasları, dəyirmi masalar və digər tədbirlərin keçirilməsi planlaşdırılır. Hazırlıq işləri artıq koordinasiyalı şəkildə həyata keçirilir və tədbirin yüksək səviyyədə təşkilinə xüsusi diqqət yetirilir”.
Qeyd edək ki, WUF13 18-22 may tarixlərində keçiriləcək.