“İstər Türkiyədə, istər Avropada, istərsə də dünyanın digər inkişaf etmiş ölkələrində ixtisas təhsili universitet təhsilindən daha ön planda dayanır. Məsələn, bir çox ölkələrdə hətta ofisiant kimi işləmək üçün belə xüsusi ixtisas təhsili almaq tələb olunur. Təəssüf ki, bizim ölkədə bu sahə arxa planda qalır. Bunun əsas səbəblərindən biri də cəmiyyətin, valideynlərin, qohumların, qonşuların “el nə deyər?” düşüncəsində olmasıdır. Halbuki bu, köhnəlmiş bir yanaşmadır. İxtisas təhsili son dərəcə vacib və strateji əhəmiyyət daşıyan sahədir”.
Bu fikirləri təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev KONKRET.az-a açıqlamasında səsləndirib.
“Azərbaycanda əsas çatışmazlıq ondan ibarətdir ki, kolleclərimizdə innovativ və peşəkar yanaşma yetərli səviyyədə deyil. Bizə ixtisaslaşmış, müasir texnologiyalara cavab verən peşə təhsili müəssisələri lazımdır. Məsələn, İstanbul Texniki Universiteti və Orta Doğu Texniki Universiteti kimi tanınmış ali təhsil müəssisələrinin Bakıda ixtisaslaşmış kolleclərinin yaradılması çox faydalı ola bilər. Bu kolleclər konkret sahələr üzrə ixtisaslaşmış kadrlar hazırlamalıdır. Məsələn, dron texnologiyaları sahəsində ixtisaslaşmış mütəxəssislər hazırlamaq mümkündür. Burada söhbət yalnız mühəndislərdən yox, həm də onların layihələrini reallaşdıracaq texniki icraçılardan gedir. Belə kadrlara sənayedə böyük ehtiyac var”.
Ekspert vurğulayıb ki, Azərbaycan bir neft və qaz ölkəsidir. Amma bu sahələr üzrə yüksək səviyyəli peşəkar kadrlar hazırlayan kolleclərimiz demək olar ki, yoxdur. Halbuki, belə kolleclərin olması dövlətin enerji sektoruna da ciddi töhfə verə bilər.
“Ümumiyyətlə, nəinki Azərbaycanda, dünyanın heç bir yerində kolleclər ləğv edilə bilməz. Bu, tamamilə absurddur. Belə bir təklifi irəli sürən şəxsin nə millətinə, nə də dövlətinə məsuliyyət hissi daşıdığı söylənə bilməz”.
Aynurə İsmayıl
KONKRET.az