Azərbaycanda maaş artımı qüvvəyə mindibackend

Azərbaycanda maaş artımı qüvvəyə mindi

Bu gün sentyabrın 1-dən etibarən Azərbaycanda büdcədən maliyyələşən bir sıra nazirlik və təşkilatların işçilərinin aylıq maaşlarında ciddi ölçüdə artım qüvvəyə minib.

Maaş artımları barədə sərəncamlar bu il iyunun 18-də prezident İlham Əliyev tərəfindən imzalanmışdı. Həmin sərəncamlara əsasən Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki əməkdaşlarının, Daxili İşlər Nazirliyinin əməkdaşlarının, daxili qoşunların hərbi qulluqçularının, prokurorluq və ədliyyə işçilərinin, habelə Mərkəzi Seçki Komissiyasının vəzifəli şəxslərinin və sıravi əməkdaşlarının aylıq maaşlarında 40 faizə qədər artımlar edilir.

Beləliklə, sentyabrın 1-dən qüvvəyə minən sərəncama əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Habelə Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının orta hesabla 40 faiz artırılması baş verib. O cümlədən DİN Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatının vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılması ilə bağlı sərəncam da bu gündən qüvvəyə minib.

MSK üzvləri isə sentyabr ayından  etibarən 50 faiz çox maaş alacaqlar. Belə ki, prezidentin imzaladığı sərəncama əsasən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun maaşı (2 040) 1 020 manat artırılaraq 3 060, müavininin maaşı (1 895) 950 manat artırılaraq 2 845, MSK katibləri Arifə Muxtarovanın, Mikayıl Rəhimovun maaşı (1 405) 705 manat artırılaraq 2 110, üzvlərin – Fuad Cavadovun, Şaitdin Əliyevin, Ramiz İbrahimovun, Validə Kazımovanın, Hüseyn Paşayevin İlham Məmmədovun, Nizami Nadirxanlının, Qabil Orucovun, Bəxşeyiş Əsgərovun, Tofiq Həsənovun, Almas Qəhrəmanlının, Etibar Quliyevin, İlkin Şahbazovun maaşı (1 280) 640 manat artırılaraq 1 920 manata çatdırılıb.

Prezidentin bu gün qüvvəyə minən digər sərəncamına əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarını da orta hesabla 40 faizi həcmində artırılıb.

Habelə sentyabrın 1-dən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

Prezidentin iyun sərəncamları bir sıra digər sahələrdə də maaşların ciddi ölçülərdə artırılmasını nəzərdə tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*