Azərbaycanda repetitorluq niyə ləğv edilə bilməz? – Nadir İsrafilovla MÜSAHİBƏbackend

Azərbaycanda repetitorluq niyə ləğv edilə bilməz? - Nadir İsrafilovla MÜSAHİBƏ

Təhsil naziri Emin Əmrullayevin “repetitorluq ləğv edilə bilməz” açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çoxları nazirin bu fikrinin məntiqi izahı olmadığını desə də, əks arqumentlərlə ona haqq qazandıranlar da tapılıb. Nazirin açıqlaması ölkədə repetitorluq fəaliyyətini yenidən gündəmə gətirib.

KONKRET.az bu məqsədlə tanınmış təhsil eksperti Nadir İsrafilovdan müsahibə alıb:  

– Nadir bəy, Azərbaycanda repetitorluq hansı zərurətdən yaranmağa başladı?

– Sovet dönəmində repetitor anlayışı olmayıb. Azərbaycanın elm, təhsil, mədəniyyət və incəsənəti repetitorluq institutu formalaşmadan öncə özünün bir növ intibah dövrünü yaşayıb. Bizim dünya səviyyəsində tanınan yazıçılarımız, elm xadimlərimiz, rəssamlarımız olub. Repetitorluğun yaranma səbəbi isə Azərbaycanda test üsulunun tətbiqi ilə başlayıb. Yəni bizdə ailələr bəhsə girərək övladlarının ali məktəbə qəbul olunması üçün onları repetitor yanına göndərməyə başladılar. Bu, ali məktəbə qəbul olmaq həvəsindən yaranan bir anlayışdır. Amma repetitorluq yeni-yeni yaranmağa başlayanda yalnız 10-11-ci siniflər müəllim yanına gedirdilər və seçdikləri ixtisasa uyğun fənlərdən hazırlaşırdılar. Amma indi məktəbəqədər təhsil müəssələrini belə əhatə edir.

– Bu gün ölkədə xeyli sayda kurs fəaliyyət göstərir və şagirdlər də həmin müəssisələrə üz tutur. O zaman məktəblərin fəaliyyətinə ehtiyac qalırmı? 

– Hazırda Azərbaycanda repetitorluğa münasibət birmənalı deyil. Bir qrup insan repetitorluğun məktəb mühitini dağıtdığını hesab edir. Ümumiyyətlə, bizim heç bir təhsil qanunvericiliyimizdə orta məktəbin ali təhsil müəssisəsinə tələbə hazırlamaq vəzifəsinin olduğu barədə sənəd mövcud deyil. Amma bu, mentalitetdən irəli gələn bir məsələdir. Bu cür davam etsə, ayrı-ayrı repetitorluq kurslarının sayı gələcəkdə orta məktəblərin sayından çox olacaq. Kimisi bu işi “qara bazar” adlandırır, digəri biznes sahəsi, qeyri-pedaqoji fəaliyyət kimi yanaşır. Müəyyən qurp isə təhsilimiz repetitorların çiynində inkişaf etdiyini düşünür.  Amma məsələyə birmənalı yanaşmaq doğru deyil. Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir ifadə işlədib: “Valideynlər məndən soruşurlar ki, məktəb varsa, kurs niyə fəaliyyət göstərir, yox əgər kurs varsa, o zaman məktəb nəyə lazımdır?” Ona görə də, Türkiyədə bu məsələ ciddi şəkildə müzakirəyə çıxarılıb. Biz də qardaş ölkədən faydalanaraq bu mövzunu gündəmə gətirə bilərik. Əgər ölkədə bu qədər kurs varsa, o zaman məktəb nəyə lazımdır. Yaxud sualı əksinə qoymağımız mümkündür.

Təhsil eksperti statusunun verilməsinə ehtiyac yoxdur-Nadir İsrafilov - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

– Nazir Emin Əmrullayev açıqlamasında bildirib ki, ölkədə repetitorluğu ləğv etmək mümkün deyil. Sizcə, Azərbaycanda repetitorluq niyə ləğv edilə bilməz?

– Hesab edirəm ki, Azərbaycanda repetitorluq leqal deyil. Amma mütləq leqallaşdırılmalıdır. Hazırda repetitorluq mövcud olsa da, qeyri-pedaqoji fəaliyyət növü sayılır. Biz bunu leqallaşdırsaq, məktəbin öz vəzifəsinin öhdəsindən gəlmədiyini qəbul etmiş olacağıq. Ona görə də, məsələ yarımçıq qalıb. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanda məktəblərin səviyyəsini yüksəltmək lazımdır. Bu zaman repetitorluğa ehtiyac qalmayacaq. Amma indi repetitorluğu aradan qaldırsaq, o zaman gərək testi və imtahanları da ləğv edək. Çünki repetitorluq bilavasitə testin ortalığa çıxmasından sonra yaranıb. Bu gün şagirdlərin əksəriyyəti dərsliklərlə deyil, test kitabçaları ilə hazırlaşır. Məntiqlə biz həmin test kitablarını da ləğv etməli, tələblərə cavab verməyən dərslikləri yeniləməliyik. Üstəlik, bu gün repetitorluq minlərlə müəllimin qazanc mənbəyi hesab olunur. Buna görə də, ziddiyyətli məqamlar mövcuddur. Bu səbəblərdən də repetitorluğun indi ləğv edilməsi mümkün deyil.

– Repetitorluğun məktəb mühitinə hansı mənfi təsirləri mövcuddur və bunun qarşısını almaq üçün nə etməliyik?

– Repetitorluq məsələsinə ikitərəfli yanaşmaq mümkündür. Məsələn, kimsə öz övladını hazırlığa qoymaq istəsə, heç kim ona qadağan edə bilməz. Amma məsələnin ikinci tərəfi odur ki, şagirdlərin böyük əksəriyyəti məktəb dərslərinin hesabına repetitor yanına gedir. Bu, məktəb mühitinin dağılmasına, nüfuzunun aşağı düşməsinə gətirib çıxarır. Bu gün müəllimlərimiz də kateqoriyalara (adi, repetitor və hətta bunker müəllim anlayışı yaranıb) bölünüb. Repetitorluq institutu 30 il ərzində formalaşıbsa, biz bunu birdən-birə ləğv edə bilmərik. Ona görə də, yeganə çıxış yolu bu sahədə konkret təkliflərin verilməsidir. Elə etməliyik ki, məktəb və müəllim nüfuzdan düşməsin. Hazırda müəllimə ehtiyac qalmayıb. Çünki əlavə kurslar fəaliyyət göstərir. Buna görə də bizim əsas vəzifəmiz şagirdləri və müəllimi məktəbə qaytarmaqdır. Odur ki, repetitorluğu aradan qaldırmaq üçün əməli tədbirlər görməliyik.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*