Azərbaycanın əməkdar jurnalistindən Vladimir Solovyova SƏRT SÖZLƏRbackend

Azərbaycanın əməkdar jurnalistindən Vladimir Solovyova SƏRT SÖZLƏR

Rəşad Nəsirov, əməkdar jurnalist

Bu gün rusiyanın televiziya məkanı məndə keçən əsrin 90-cı illərini xatırladır. Yadımdadır, o zaman, 1-ci Qarabağ müharibəsi dövründə, cəbhə bölgəsindən qərəz dolu informasiyalarla yayım aparan Rusiya kanalları öz ermənipərəst mövqelərini birbaşa olaraq səsləndirməkdən çəkinmirdilər. İllər keçdi, amma Qarabağ mövzusu bir çox Rusiya kütləvi informasiya vasitələrində yenə də birtərəfli və qərəzli işıqlandırılır.

Bəs, görəsən, bunun səbəbi nədir? Elə götürək Rusiyanın dövlət kanalı hesab olunan “Rossiya1” kanalında yayımlanan “Voskresnıy veçer s Vladimirom Solovyovım” verilişini. Bu veriliş bu günün reallıqlarını anlayan adekvat auditoriya tərəfindən heç ciddiliyə belə alınmır. Sosial, analitik xarakterdən uzaq, hər hansı bir informasiyanı tamaşaçıya çatdıra bilməyən veriliş, iştirak edən qonaq və ekspertlərdə daha çox təlxəkliyi tərənnüm edir.  Televiziya mütəxəssisləri də etiraf edirlər ki, burada əsas məsələ, əlbəttə ki, qonaqlar və mövzular deyil, həmişəki kimi, Solovyovun özüdür və ona verilən SİFARİŞLƏRDİR.

Proqramların  mövzuları və iştirakçıları demək olar ki, dəyişmir və qərəzli, iddialı, təxribati şüarlarla dolu söhbətlər hətta bəzi rusiyalı ekspertlər tərəfindən də kəskin tənqid edilir. Əsasən eyni insanlardan ibarət verilişin qonaqları əsasən erməni əsilli rusiya vətəndaşlarından ibarətdir. İki saatdan çox yayımlanan verilişdə insanlar dözümsüzlüyə, müharibəyə və nifrətə təhrik edilir.

Verilişin daimi qonaqları Semyon Baqdasarov, Karen Şaxnazarov isə öz “ekspert” çıxışlarında təxribatı çağırışlar edir, auditoriyaya fantastik nağıllar danışaraq insanların beynini yuyur.  Bu çirkab və qərəzi təkçə Qarabağ mövzusuna aid etmək olmaz, verilişdə mütəmadi olaraq Ukraynada, Baltikyanı ölkələrdə, Türkiyədə, Gürcüstanda gedən proseslər də birtərəfli işıqlandırılır. Görünür Solovyov italyan mafiyasının filmlərdə “şəxsi heç bir şey yoxdur, sadəcə biznes” kəlamını özünə şüar edib.

Əlbəttə, narazı tərəf dəfələrlə iradını bildirsə də, buna cavab olaraq Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin rəhbərliyi bu cür verilişlərin məzmunu ilə bağlı bütün qınaqların haqsız olduğunu və mütəxəssislərin rəylərinin “insanların fikirlərinin sərbəst ifadə edilməsi” ilə izah edir.

Bir məqama toxunmaq istərdim ki, əsl jurnalist araşdırması və ya analitik veriliş hər bir tərəfin mövqeyi öyrənildikdə uğurlu hesab edilə bilər. Tamaşaçını sifarişli mövzular, populist ekspert fikirləri ilə çaşdıraraq, Rusiya televiziya məkanını öz şəxsi biznesinə çevirən Solovyov kimiləri isə nəzərə almalıdır ki, atalarımızın yaxşı bir sözü var – İT HÜRƏR, KARVAN KEÇƏR. Birdəfəlik efir üçün nəzərdə tutulan bu verilişlər isə onsuzda Azərbaycanın haqlı mövqeyinə xələl gətirə bilməz.

 

  • Aqil
    Oktyabr 5, 2020 - 10:32

    Dünyaya səpələnən ermənilərin tək Qarabağ deyil AZərbaycan haqqında efirdə,mətbuatda gedən iddialarını onların ölkəmizin əraziləni köçürülməsinin 150-illiyi münasibəti ilə AĞDƏRƏ rayonunda (mardakert)1978-ci ildə monument ucaldılmılmışdır.Bu haqda qısa metrajlı filmdə var.Niyə bizim tarixçilər və digər aidiyyatı qurumlar dünya ictimayyətin bigiləndirmirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*