Muğanlı-İsmayılı-Qəbələ yolunun 5-ci kilometrliyində inşa edilən, uzunluğu 1195, eni 23, hündürlüyü 76,5 metr olan asma körpüdə işlər davam etdirilir.
KONKRET.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, hazırda körpünün dayaqlarının doqquzunda işlər tam olaraq yekunlaşıb.
“Digər dörd dayaqda isə son tamamlama işləri görülür. Layihə çərçivəsində asma körpüdə bəzi işlər tamamlanıb. Bura dayaqların qazılması, svay bərkitmə, bütövlük testləri və bəzi dayaqların bünövrələrinin inşası daxildir”, – deyə qurumdan bildirilib.
Qeyd edək ki, əhalinin, yerli və xarici turistlərin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4.5-ci km-də Ağsuçay üzərində asma körpü inşa edilir. Layihə başa çatdıqda, bu, Azərbaycanın ən hündür asma körpüsü olacaq.