Ermənistan siyasi dairələrində revanşist meyillər artdıqca regionda sülhə inam azalır. Əsasən müxalif qüvvələr hakimiyyətin siyasətini sərt tənqid edir və Paşinyanı satqınçılıqda günahlandırır. Parlamentdə təmsil olunan müxalifət deputatlar da imkan düşən kimi Ermənistanın düşdüyü böhranda Paşinyanın yarıtmaz siyasətini qabardırlar.
“Ermənistan” fraksiyasının təmsilçisi Andranik Tevanyan özünün Facebook səhifəsində yenidən Qarabağın artıq əldən getdiyini yazır və Paşinyanı səriştəsiz baş nazir adlandırır:
“Siz Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığınızı və ondan sülh gözlədiyinizi bəyan edəndə gözləntilərinizdə yanıldınız. Hakimiyyət bunun əksini ictimaiyyətə sübut etməyə çalışır. Amma Bakı daim güc nəzəriyyəsini diqtə edir”.
Həm diplomatiya, həm də hərbi sahədə məğlubiyyətlərini həzm edə bilməyən erməni siyasi qüvvələri ara-sıra bu cür bəyanatlar verməklə ictimai rəyi çaşdırmaqla məşğuldurlar. Eyni zamanda, sərhəddə və Qarabağda törədilən təxribatlarda da belə çağırışların rolu böyükdür.
İyulun 22-də Brüsseldə İlham Əliyevlə Nikol Paşinyanın görüşü ərəfəsi baş verən təxribatlar məhz sülh danışıqlarını əngəlləmək məqsədi daşıyır. Sərhəddin həm Laçın, həm də Kəlbəcər istiqamətlərində baş verən təxribatlar, eləcə də Qarabağ ərazisindəki qeyri-qanunu erməni silahlı birləşmələrinin fəallaşması ordumuzu adekvat addımlar atmağa vadar edir. Düşmənə hərtərəfli cavab verən Azərbaycan silahlı qüvvələri istənilən təxribatın qarşısını almağa qadirdir.
Vəli Həsənov,
KONKRET.az