Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatına üç medalla başlayıbbackend

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatına üç medalla başlayıb

Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.

KONKRET.az xəbər verir ki, yarışın ikinci günündə sərbəst güləşdə ilk medalçılar müəyyənləşib.

Nürəddin Novruzov (61 kq) təsəlliverici görüşlərdə ekvadorlu Coşua Kramerə (10:0) və ukraynalı Kamil Kərimova (12:2) tam üstünlüklə qalib gəlib. Nürəddin bürünc medal uğrunda görüşdə isə Şimali Koreya təmsilçisi Kum Kimə heç bir şans tanımayıb. Rəqibini “tuş”la üstələyən həmyerlimiz dünya üçüncüsü olub.

Arseniy Djioyev (86 kq) təsəlliverici görüşdə ukraynalı Muxammed Aliyevə 7:2, bürünc medal uğrunda mübarizədə isə fransalı Raxim Maqamadova 7:0 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.

Günün son qarşılaşmasında Giorgi Meşvildişvili (125 kq) iranlı Amir Zareylə qarşılaşıb. Təmsilçimiz titullu rəqibinə 0:5 hesabıyla məğlub olaraq yarışı gümüş medalla başa vurub.

İkinci yarış günündə həmçinin sərbəst güləş üzrə daha 4 çəkidə finalçılar müəyyənləşib. İslam Bazarqanov (57 kq) gürcüstanlı Roberti Dinqaşviliyə 10:1 hesabıyla qalib gəlsə də, 1/8 finalda rusiyalı Musa Mextixanova 0:3 hesabıyla məğlub olub.

Turan Bayramov (74 kq) 1/16 finalda rusiyalı olimpiya və dünya çempionu Zaurbek Sidakovla bacarmayıb – 1:5.

Cəbrayıl Hacıyev (79 kq) debütdə Sierra Leone güləşçisi Alfred Daniel xalçaya çıxmadığı üçün 1/8 finala yüksəlib. Daha sonra isə slovakiyalı Axsarbek Qulayevə 2:1 hesabıyla qalib gəlib. Ancaq 1/4 finalda yunanıstanlı Avropa çempionu Georgios Kuqiumtsidisə 0:8 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Cəbrayıl sabah təsəlliverici görüşə çıxacaq.

Osman Nurmaqomedov (92 kq) startda hindistanlı Dipak Punianı minimal fərqlə (4:3) üstələyib. 1/4 finalda yunanıstanlı olimpiya mükafatçısı və 3 qat Avropa çempionu Dauren Kuruqliyevlə görüşdə güləşçimiz 2:0 öndə olarkən rəqib zədələnib və Osman yarımfinala yüksəlib. Nurmaqomedov finalın bir addımlığında amerikalı Trend Hidleyə məğlub olub – 4:15. Təmsilçimiz sabah bürünc medal uğrunda güləşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*