1991-ci il oktyabrın 18-də yenidən öz müstəqilliyini bərpa edən Azərbaycan az müddətdə dünya dövlətləri tərəfindən tanındı. Bununla da nüfuzlu beynəlxalq təşkilatlara üzv olmaq üçün Azərbaycan yeni mərhələyə qədəm qoydu. Müstəqilliyin bərpasından cəmi 11 gün sonra okyabrın 29-da Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edildi. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün – Azərbaycanın dövlət bayrağı qaldırıldı. 1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması, ölkəmizin bu qurumla əməkdaşlığının qurulmasına əlverişli imkan yaratdı. Həmin ilin noyabrında isə BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılıb. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurdu. Demokratik dövlət modeli üzərində inkişaf edən Azərbaycan az müddət ərzində dünyanın ən nüfuzlu təşkilatlarına qəbul edildi. Gənc dövlətin dünya birliyinə inteqrasiyası, ölkəmizin nüfuzunun artırılması, qarşıda duran priotetlərdən idi.
Az keçmədən neft-qaz sektoruna maraq göstərən aparıcı dövlətlər tezliklə Azərbaycanla münasibətlərin geniş spektrdə inkişafı üçün əməli işlərə can atdılar. Ölkəmizin artan nüfuzu yeni dünya düzənində Azərbaycanın yerini və mövqeyini müəyyən edirdi. 1993-cü il iyunun 15-də xalqın tələbi ilə 2-ci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın dünyaya inteqrasiya etməsi üçün yeni konsepsiya hazırladı. Yeni proyektlər həyata keçirildi. 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” imzalandı. Gülüstan sarayında baş tutan tarixi tədbirdə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 milyard dollar olan müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandı və təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapdı. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsi – Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanının 13 şirkəti təmsil olundu.
Beləliklə, Azərbaycan dünyada artan nüfuzu sayəsində yeni-yeni nəhəng layihələrin iştirakçısına çevrilməyə başladı.
Hazırda da Azərbaycan dünya səviyyəli forumların və tədbirlərin keçirildiyi əsas ölkələrdən birinə çevrilib. Dünyanın maraqla gözlədiyi forumların, iclasların, sərgilərin ölkəmizdə təşkil edilməsi ənənə halını alıb.
Mövzu ilə bağlı KONKRET.az-a fikirlərini bildirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov xüsusi əhəmiyyətə malik tədbirlərin ölkəmizdə təşkil edilməsinin önəmini vurğuladı:
“Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgiləri indi xüsusi əhəmiyyətə malikdir. Pandemiyanın iqtisadi təsirlərinin tam olaraq aradan qalxmamağı, müharibələrin dünya iqtisadiyyatına yaratdığı psixoloji təzyiqlər fonunda belə tədbirlərin xüsusi önəmi var. Prezident İlham Əliyev sərgidə qlobal enerji sektorunun bundan sonrakı gələcəyi ilə bağlı mühüm konturları açıqlayıb. Dövlətimizin başçısı təkcə hazırkı mövqeyimizi deyil, həm də gələcək potensial layihələrin də anonsunu verdi. Bəlli oldu ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru ilə Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Beləliklə, Mərkəzi və Şərqi Avropadan Orta Asiyaya, Ərəb dünyasından ABŞ, Britaniya, Çinə qədər bir çox coğrafiyalardan Azərbaycanın siyasi və iqtisadi imkanlarına, Prezident İlham Əliyevin mövqeyinə böyük simpatiyanı müşahidə edirik.
ABŞ Prezidenti və Britaniya Baş nazirinin müraciətləri hazırda bütün dünyanın diqqətinin Bakıya yönəldiyini göstərir. Cozef Baydenin məktubunda ölkəmizin dünyəvi ekoloji məsuliyyət şüurundakı roluna da ayrıca dəyər verildi. Azərbaycan bu gün təkcə ənənəvi enerji məhsulları ilə deyil, alternativ enerji imkanları ilə də ciddi rəğbət qazanır. C.Baydenin məktubda vurğuladığı məqama da diqqət edilməlidir. “Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir – buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir. Qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpa olunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslər məni sevindirir”, – deyən C.Bayden ABŞ-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafına da işarə edir”. Bayden əlavə edib ki, “Azərbaycanın qlobal enerji bazarında əhəmiyyətinin yüksəlməsi bir reallıqdır. Bu xüsusiyyətlərimizlə yaxın dövrün iqtisadi layihələri Azərbaycansız mümkün olmayacaq”.
Vəli Həsənov,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.