“Qarabağ probleminin tam həlli güc yolu ilə baş verəcək”.
KONKRET.az xəbər verir ki, bunu parlamentin İnsan hüquqlarının müdafiəsi və ictimai məsələlər komissiyasının rəhbəri, “Mənim şərəfim” müxalifət fraksiyasının üzvü Taquhi Tovmasyan deyib.
Tovmasyan hesab edir ki, Qarabağda son günlər baş verənlər deməyə əsas verir ki, bu məsələ hərbi yolla həll ediləcək: “Azərbaycan 44 günlük müharibədə qalib gəlsə də, istədiyi məqsədə nail ola bilmədi. Ona görə də Azərbaycan başladığı işi başa çatdırmaq və növbəti dəfə hərbi yolla məqsədinə çatmaq niyyətindədir”.
Deputat əmindir ki, Azərbaycan tərəfi növbəti müharibəyə hazırlaşır. Ermənistan hakimiyyəti isə yalnız bir işlə məşğuldur – gizli təşviqatla öz namizədi Tiqran Avinyanı paytaxt merliyinə irəli çəkmək istəyir. Reallıqda indi resursları sürətlə yenidən bölüşdürmək, müdafiə qabiliyyətinin səviyyəsini artırmaq və növbəti müharibəyə hazır olmaq lazımdır. “Əgər biz güc balansını təmin edə bilməsək, özümüzü uduzmuş hesab edə bilərik. Bu, aksiomadır”, – deyə o əlavə edib.
Deputat vurğulayıb ki, Rusiya sülhməramlılarının olması belə növbəti müharibəni dayandıra bilməyəcək: “Düşünməməliyik ki, əgər orada Rusiya sülhməramlıları olarsa, o zaman müharibədən qaçmaq olar. Xeyr, bunun qarşısını almaq olmaz. Müharibə qaçılmazdır”.
Tovmasyan xatırladıb ki, Ermənistan tərəfi sülhməramlıların məsuliyyət zonasında insan itkiləri verməkdə davam edir.
Sevinc Paşayeva,
KONKRET.az