Fransa millisinin düşərgəsini sağ ayağındakı iltihab səbəbindən vaxtından əvvəl tərk edən Kilian Mbappe gözlənildiyinin əksinə olaraq birbaşa Madridə qayıtmayıb.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, Fransa Futbol Federasiyası hücumçunun oynaya bilməyəcəyini açıqlamış və onun Madridə dönərək əlavə tibbi müayinə olunacağını bildirmişdi.
Buna baxmayaraq, Fransanın “L’Équipe” nəşri Mbappenin instaqram paylaşımında görünən baqaj etiketlərinə əsasən, futbolçunun şənbə günü səhər Parisdən Dubaya uçduğunu yazıb. Məlumata görə, ulduz futbolçu Dubaydakı “Atlantis The Royal” hotelində bir neçə gün qalıb, həmçinin “Padel One” klubuna baş çəkib. Onun orada məşq edib-etmədiyi isə dəqiq bilinmir.
Qeyd edək ki, Azərbaycan – Fransa (1:3) matçını zədəsinə görə buraxan futbolçunun bu gün və ya sabah Madriddə “Real”ın məşqlərinə qoşulacağı və bazar günü keçiriləcək “Elçe” ilə oyunda start heyətdə yer alacağı gözlənilir.
Qəzet həmçinin vurğulayıb ki, “Real Madrid” rəhbərliyi hazırda Mbappenin zədəsindən çox PSJ ilə davam edən məhkəmə prosesi fonunda onun psixoloji durumundan narahatdır.
