Xəbər verdiyimiz kimi noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında müharibənin dayandırılması barəsində 3 tərəfli bəyanat qəbul edilib. Bəyanata görə Ermənistan dekabrın 1-nə kimi bütün işğal olunmuş torpaqlarımızdan ordusunu çıxaracaq. Xocalıda, Xocavənddə və Xankəndində Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərə orada yaşamağa icazə veriləcək. Əlbəttə, belə olan təqdirdə orada azərbaycanlı və erməni uşaqlarının eyni məktəbdə oxuyub-oxumaması məsələsi ortaya çıxır.
Bununla bağlı KONKRET.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bəşəriyyət tarixində bir çox dövlətlər arasında müharibə olub: Almaniya, Fransa, İngiltərə arasında.
Hazırda bu dövlətlər arasında normal münasibətlər mövcuddur. Əlbəttə, ermənilər tarix boyu azərbaycanlılara qarşı soyqırımlar, təcavüzlər və təxribatlar törədiblər. Amma dünyada ciddi proseslər gedir, regionun inkişafı və təhlükəsizliyin təmin edilməsi üçün müəyyən addımların atılmasına, birgə yaşamaq modelinin işlənib hazırlanmasına böyük ehtiyac var. Ona görə də burada bu məsələ nəzərə alınmalıdır. Təhsillə bağlı məsələyə gəldikdə isə bu gün dünyada müxtəlif modellər var. Eləcə də Azərbaycanın özündə. Yəni məktəblər fəaliyyət göstərəcək. Məktəblərdə hər iki xalqın nümayəndəsi təhsil ala bilər. Burada müəyyən məsələlər nəzərə alınacaq”.
Deputat vurğulayıb ki, bizdə həm Azərbaycan, həm də rus sektoru fəaliyyət göstərir: “Dağlıq Qarabağda isə bu vəziyyət beynəlxalq standartlara uyğun tənzimlənəcək. Məktəblərin açılması məsələsi nəzərdən keçiriləcək. Burada hakimiyyət orqanları Azərbaycan dövlətinin strukturlarından formalaşacaq. Yəni icra hakimiyyəti, polis və təhsil işçiləri də həmçinin. Orada əhalinin sayına görə məktəblərin fəaliyyəti nəzərdən keçiriləcək. Elə məktəblər var ki, yalnız azərbaycanlılar yaşayır. Orada başqa məktəblərin açılmasına ehtiyac yoxdur. Dağlıq Qarabağda artıq muxtariyyət və ermənilərin istəyi məsələsi yoxdur. Sadəcə təhsilin keyfiyyəti gücləndiriləcək. Yeni təhsil müəssisələrinin yaradılması gündəmdə olacaq. Orada yaşayacaq vətəndaşlarımızın hüquqların təmin edilməsi istiqamətində bütün addımlar atılacaq. Cənab prezident də bu məsələyə münasibətini bildirib. O qeyd edib ki, bu gün Azərbaycanda 30 min erməni yaşayır. Gürcüstanda, Rusiyada və digər ölkələrdə azərbaycanlılarla ermənilər arasında normal münasibətlər var. Bu gün də davam edir. Sovet dövründə bu iki xalq bir yerdə yaşayıb. Əlbəttə tarixi unutmamalıyıq, nəticəmizi çıxarmalıyıq. Dövlətimizin müəyyən etdiyi qayda-qanunlara əməl etməliyik. Bu gün Azərbaycan müstəqil və suveren dövlətdir. Bütün xalqların hüquqları təmin olunur. Əlbəttə, bu da Azərbaycanın humanistliyindən və digər dillərə, mədəniyyətlərə hörmətindən irəli gəlir. Bu istiqamətdə də Azərbaycan öz işlərini həyata keçirəcək”.
Deputat Azər Badamov bildirib ki, Azərbaycanda doğulub və vətəndaşlığını qəbul edən bütün ermənilərə Xocalıda, Xocavənddə və Xankəndidə yaşama hüququ veriləcək. Biz tolerant ölkəyik və konstiyusiyamızda bu hüquqlar təsbit olunub. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və orada da dövlətimizin qanunları işləyəcəkdir. Məktəblər məsələsi isə ola bilsin ki, etnik ermənilərə erməni dilinin öyrənilməsinə icazə verilsin. Amma dövlət dili olaraq bütün vətəndaşlarımız kimi ermənilər də Azərbaycan dilini öyrənməlidirlər. Təbii ki, buna zaman lazım olacağını düşünürəm. Birgə yaşayışa və təhsilə yavaş – yavaş adaptasiya olunacağıq. Ən əsası odur ki, rəşadətli ordumuz ölkəmizin ərazi bütövlüyünü təmin edərək düşməni məğlub etdi və bütün şərtlərimiz qəbul olundu”.
Nərgiz Mirzəyeva,
KONKRET.az