Bakıda oğurluqda təqsirləndirilən Rabil Şahmarov və Ramel Cəfərovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub və onlara şərti cəza təyin edilib.
İttihama görə, “Nurşah” MMC-nin qanuni təmsilçisi və direktoru olan Ramel Cəfərov və cəmiyyətin fəaliyyətinə rəhbərlik edən Rabil Şahmarov xüsusilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıblar.
Onlar Xəzər dənizində yerləşən “Böyük Zirə” adası ətrafında batmış gəmilərin çıxarılması və qara metal qırıntısı kimi təhvil verilməsinə köməklik göstərilməsi üçün 2020-ci ildə icarəyə gəmilər götürüblər.
Daha sonra hər iki şəxs Xəzər dənizinə axıdılması məqsədi ilə Hövsan akvatoriyasında dənizin dibi ilə bir-birinə qaynaq edilən 1970-1990-cı illərdə inşa olunmuş “Azərsu” ASC-yə məxsus, istifadə üçün yararlı vəziyyətdə olan, diametri 1420 mm-lik metal boruları dənizin dibində axtarış apararkən aşkarlayıblar.
Onlar “Azərsu” ASC-nin xəbəri olmadan həmin boru xətlərini üzən kran vasitəsilə dənizin dibindən çıxarıb, içərisinə hava doldurmaqla suyun üzərində saxlayaraq yedək gəmilərin vasitəsilə sahilə daşıyıblar.
Ümumilikdə onlar “Azərsu” ASC-yə məxsus (817, 98 metr uzunluğunda metal boruları) 640 164 manat dəyərində ziyan vurublar.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 177.4-cü (oğurluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.