Rusiyanın əsassız imperialist iddialarından qurtulmaq istəyən bütün dövlətlərin diqqətlə izlədiyi Ukraynadakı müharibə həm də Azərbaycan televiziyaları üçün yeni sınaq meydanı oldu.
Amma bizimkilər yenə də informasiya sahəsində amerikalı, britaniyalı, türk və ukraynalı həmkarlarına uduzdular. Əlbəttə, hər kəs anlayır ki, rus işğalçılarının müstəqil Ukrayna dövlətinə qarşı apardığı amansız müharibədən reportajlar çəkmək və yayımlamaq olduqca təhlükəli işdir. Biz də telejurnalistlərimizin həyatlarını təhlükəyə atmalarını, yaralanmalarını və itirmələrini qətiyyən istəmirik. Postmüharibə dövründə Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək şəhid olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının videooperatoru Sirac Abışovun itkisi indiyədək insanı ağrıdır. Lakin jurnalist peşəsi fədakarlıq tələb edir. Nəyin bahasına olursa-olsun, informasiya yarışında eksklüzüv xəbərlər əldə etməli, hadisələrin baş verdiyi yerlərdən canlı reportajlar yayımlamalıdırlar.
BBC-nin ahıl və cavan əməkdaşları bir xəbər buraxılışında Ukraynadan elə dolğun və müxtəlif reportajlar göstərirlər ki, informasiya qıtlığı yaşamayan ingilis tamaşaçısına qibtə edirsən. Məsələn, bir buraxılışda Rusiyanın humanitar dəhliz vasitəsilə yaşadıqları ərazilərdən çıxmaq istəyən ukraynalıları bombardman edildiyi an göstərildi, mühasirəyə alınmış Kiyevdəki mövcud durum, internatda yaşayan xəstə uşaqların Polşaya təxliyə olunması prosesi, qaçqınların axını ilə bağlı Lvovda yaranmış vəziyyət və sair barədə müfəssəl reportajlar yayımlandı. Məgər onlar riskə getmirlər? Gedirlər. Rus ordusu humanitar dəhlizi bombalayanda ingilis reportyor ukraynalıların yaxınlığındakı kolun dibinə yıxılsa da, uzandığı yerdən reportajını davam etdirdi.
Qardaş Türkiyənin TRT, “CNN-Türk”, NTV və başqa telekanallarının, “Anadolu” informasiya agentliyinin əməkdaşları ukraynalıların metro stansiyalarında, zirzəmilərdə gizlənməsindən tutmuş rus işğalçılarının Kiyev, Mariupol, İrpen, Buça, Xarkov, Xerson və digər yerlərə amansız hücumlarının agır fəsadlarını, dinc və günahsız insanların məruz qaldıqları fəlakətli durumu seyrçilərə çatdırırlar.
Azərbaycan TV-lərinin əksəriyyəti isə “Röyters” və “Anadolu” informasiya agentliklərinin yaydıqları görüntüləri təkrar göstərməklə kifayətlənir. Bu kanalların xüsusi müxbirlərinin əksəriyyəti sakit bir guşədən bağlantı yaradaraq, Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumatları efirdən təkrarlamaqla məşğuldur. Belə bağlantılar isə heç kimə maraqlı deyil. Onsuz da saytlar və izləyicilər həmin məlumatları ilk mənbədən alıb, sosial şəbəkələrdə yaymaqla tv-ləri xeyli qabaqlayırlar. Və yaxud AzTV-nin xüsusi müxbiri Lvovdakı parkın altında bunkerin mövcudluğu barədə süjet hazırlayır və bunkerin qapısı ağzında qum “meşokları”nın düzüldüyünü nəzərə çatdırır. Üstəlik “meşok”lu süjet gün ərzində sosial şəbəkələrdə hünərli iş kimi paylaşılır. Maraqlıdır, bu televiziyanın redaktorları yoxdurmu? Azərbaycan dili normalarının pozulmasına görə AzTV-ni cərimələyən varmı?
Amma Baku TV-nin Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Mübariz Aslanovun Ukraynanın qaynar nöqtələrindən yaydığı reportajları uğurlu saymaq olar. Onun Rusiyanın bombaladığı Xarkovun yaşayış məntəqəsindən göstərdiyi kadrlar peşəkarlıq baxımından misilsizdir. Raketlə vurularaq alovlanan binanın qarşısından reportaj apararkən jurnalistin yaxınlığında təkrar partlayışın baş verməsi, ölümlə üzbəüz olan Mübariz Aslanovun həmin anlarda nələr keçirdiyi efirdən qabarıq şəkildə hiss olundu. Bu, Ukrayna həqiqətlərinin azərbaycanlı tamaşaçılara olduğu kimi çatdırılması naminə xüsusi müxbirin və operatorun fədakarlığının nümayiş etdirilməsinin sübütudur. Yeri gəlmişkən, Ukraynadan belə eksklüziv süjetlər təqdim etdiyinə görə Baku TV-ni təbrik etmək olar.
Xatirinizdədirsə, tv rəhbərləri 44 günlük Vətən müharibəsi zamanı qeyri-peşəkar fəaliyyətlərini hərbi jurnalistikanın inkişaf etməməsi, peşəkar hərbi jurnalistlərin olmaması bəhanəsi ilə ört-basdır etməyə çalışırdılar. Soruşan da tapılmadı ki, nədən indiyədək hərbi reportyorlarınız yoxdur?! Bəs tv-lərdə fəaliyyət göstərən hərbi redaksiyalar nəyə və kimə lazımdır? Hərbi məsələləri də şou formatında tamaşaçıya təqdim etməkdən ötrüdür?
Ən əsası, ölkəmizin əraziləri 30 ilə yaxın düşmən tapdağı altındaydı. Hər həftə dünyanın və ölkənin ictimai-siyasi proseslərini təhlil (!) edən tv rəhbəri müharibənin başlayacağı ehtimalına bu qədər korafəhimliklə yanaşırdısa, belə şəxsin həmin kürsüdə nə işi var?! Halbuki, siyasi proseslərdən başı çıxmayan sadə insanlar da bilirdilər ki, Paşinyan hökumətinin rəsmi Bakı ilə danışıqlardan imtina etməsi müharibənin başlanacağından xəbər verirdi. Azərbaycan Prezidenti İlham Əliyevin qonşu ölkənin Soçi şəhərindəki 2019-cu il 3 oktyabr tarixli “Valday” forumunda çıxışı zamanı “Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Qarabağ – Azərbaycandır və nida işarəsi” bəyanatı erməni faşistləri ilə müharibənin qaçılmazlığına işarəydi.
TV-nin funksiyalarından biri məlumatlandırmaqdır. Müharibə şəraitində isə döyüşlərin getdiyi cəbhə bölgəsindən ətraflı xəbər yaymaq tv-nin ümdə vəzifəsidir. Bunun üçün reportyor qrupu hər an hazır olmalıdır. Çox təəssüf ki, Azərbaycan tamaşaçısı müharibə ilə bağlı bütün əsas və eksklüziv xəbərləri Türkiyə TV-lərindən aldılar. Nə qədər ağır olsa da, etiraf etməliyik ki, bizimkilər türkiyəli həmkarlarının arxasınca sürünməyi belə bacarmırdılar. AzTV-nin keçmiş bədii rəhbəri Ranar Musayevin cəbhə xəttindən hazırladığı bayağı süjetə isə heç “Bozbash-Pictures” teleproqramında belə rast gəlmək mümkün deyildi.
Bizim tv-lər Müdafiə Nazirliyinin işğaldan azad edilmiş torpaqlarımızdan yaydığı görüntüləri “Şərhsiz” rubrikasında yaymaqla işlərini tamamlanmış sayırdılar. Yeri gəlmişkən, Ukrayna Müdafiə Nazirliyinin işğaldan azad edilmiş ərazilərdən hazırladığı görüntülərin yüksək peşəkarlıqla çəkildiyinə hər kəs şahiddir. Bizim Müdafiə Nazirliyinin çəkilişləri ukraynalı həmkarlarının yanında “istirahət edir”.
Xatirinizdədirsə, əsas həngamə Vətən müharibəsinin bitməsindən sonra başladı. Türkiyədə bir qrup telejurnalistə təlimlərin keçirilməsi barədə xəbərlər yayılmağa başladı. Vaxtaşırı AzTV-nin gah Türkiyə, Pakistan, gah da Qətər televiziyaları ilə əməkdaşlıq haqqında müqavilələr imzalamasına dair xəbərlər yayılır. Əgər Azərbaycan və Türkiyə reportyorlarından ibarət müştərək qrupun yaradılaraq Ukraynaya göndərilməsi ağıllarına gəlmirsə, həmin müqavilələr kimə lazımdır? Heç olmasa, türk jurnalistlərindən Ukraynadakı müharibə şəraitində necə işləməyi öyrənə bilərdilər.
Halbuki, I Qarabağ müharibəsində Çingiz və Vahid Mustafayev qardaşlarının reportyorluq fəaliyyəti təkcə Azərbaycana deyil, bütün dünyaya yaxşı məlumdur. Xarici informasiya agentlikləri və televiziyaları məhz onların çəkdikləri süjetləri göstərirdilər. Elə Vətən müharibəsinin gedişində ANS-in rəhbəri Vahid Mustafayevin çəkdiyi süjetlər bütün telekanalların məhsulundan daha dolğun və maraqlıydı. Pakistan və Qətərin naməlum hüdudlarında dolaşınca, ölkəmizdə olan Vahid Mustafayevdən ustad dərsləri alsınlar.
İndi isə ölkənin ilk kanalı hesab olunan AzTV artıq 2018-ci ilin fevralında yaradılmış Baku TV-dən geridə qalır. Xatırladaq ki, Azərbaycan Televiziyası da fevral ayında efirə çıxıb. Amma 1956-cı ildə. İlk adı Bakı televiziya studiyası olub. Amma bir ildən sonra Azərbaycan Televiziyası adılandırılıb. O zaman bu, başa düşülürdü. Çünki sovet imperiyasının tərkibində idik və respublikamızın adının tanıdılmasını istəyirdik. Amma müstəqillik dövrünə qədəm qoyandan Azərbaycan Televiziyasının ilkin adının özünə qaytarılması ədalətli addım ola bilər. Zatən ölkəmizdəki bir sıra qurumların ilkin adlarının qaytarılması, tarixi bayramların bərpası istiqamətində mühüm addımlar atılıb.
Bəlkə daha məhsuldar və çevik işləməyi bacaran Baku TV-nin Azərbaycan televiziyası ilə birləşdirilməsinin və adının BAKI TV adlandırılmasının zamanı çatıb? Çünki AZ loqosu qalib ölkəmizə qətiyyən yaraşmır. Bundan başqa, maraqlı layihələr, proqramlar təqdim edən Baku TV-nin müasir menecmentinin ölkənin ilk kanalına rəhbərlik etməsinə böyük ehtiyac duyulur.
Səid CƏFƏRLİ,
KONKRET.az