Son günlər Qarabağda yaşayan ermənilər beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün hər cür siyasi manipulyasiyalara əl atır. Brüsseldəki görüş ərəfəsində Xankəndi küçələrində mitinqə məcbur edilən sadə ermənilər bir neçə siyasi dəllalın girovuna çevrilib. 5-10 separatçı hiyləgərin əlində siyasi alətə çevrilən sadə xalq otuz beş ildir onların başına gələn bəlalardan təngə gəlib. Bir dəstə separatçı isə yenə də müharibə çağırışlarından əl çəkmir. Separatçıların lideri Araik Arutyunyanın dünən beynəlxalq təşkilatlara səslənməsi və onlara bir həftə vaxt verməsinin ardınca David Babayan özünü ortaya atıb.
- Özünün Facebook səhifəsində Brüssel görüşünün nəticələrini şərh edən separatçı Avropa İttifaqının prezidenti Şarl Mişeli tənqid edib. Babayan bildirib ki, Avropanın məqsədi demokratiya adı altında Qarabağı məhv etməkdir: “Qarabağın mövcudluğu regionun formatlaşdırılmasına imkan vermir. Ermənilərin başına gələnlərə görə də bütün məsuliyyət Avropanın üzərinə düşür. Erməni xalqı isə mutasiyaya uğrayıb və əsil siması ortadadır”, – deyə Babayan yazıb.
Əlləri hər yerdən üzülən ermənilər indi də dünya ictimaiyyətini şantaj etməklə məşğuldurlar. Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Nikol Paşinyana üsyan edənlər indi də Şarl Mişelə hücum çəkirlər. Onların fikrincə, dünyadakı bütün siyasi qüvvələr ermənilər kimi düşünməli, onlar deyəni müdafiə etməlidirlər. Əslində, 30 il ərzində beynəlxalq təşkilatların nümayəndələri özlərini erməni kimi aparıb və ermənilər də bundan ilhamlanıblar. Onlara elə gəlir ki, ərköyünlük etsələr, yenə dünya onların yalanlarını müdafiə edəcək. Amma uduzduqlarını unudurlar.
Vəli Həsənov,
KONKRET.az