Bakı iki tarixi düşməni regionda “blokladı”: Türk ölkələrini sevindirən xəbərbackend

Bakı iki tarixi düşməni regionda “blokladı”: Türk ölkələrini sevindirən xəbər

Son illərdə Azərbaycanın ABŞ və Çin kimi qlobal supergüclərlə siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığını gücləndirməsi regionda güc balansını nəzərəçarpacaq dərəcədə dəyişməyə başlayıb. Bu dinamika Cənubi Qafqaz və Mərkəzi Asiyada əsrlər boyu dominant rol oynamış Rusiya və İranın təsir imkanlarının zəifləməsi ilə müşayiət olunur.

Bakı yeni kommunikasiya dəhlizlərində əsas tranzit ölkəyə çevrilir, enerji və logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir. Bu isə həm Mərkəzi Asiya respublikalarının Moskvanın təsir dairəsindən qismən uzaqlaşmasına, həm də regionda yeni geosiyasi reallığın formalaşmasına təkan verir.

Azərbaycanın çoxvektorlu xarici siyasəti və supergüclərlə yaxınlaşması Rusiya və İranın bölgədəki mövqeyini geri dönüşsüz şəkildə zəiflədə bilərmi? Kreml artan itkilər fonunda sakit qalacaqmı?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Azərbaycanın ABŞ və Çin ilə paralel şəkildə inkişaf etdirdiyi əməkdaşlıq xətti ölkəmizin beynəlxalq sistemdə mövqeyini gücləndirməklə yanaşı, Cənubi Qafqazda uzun müddət mövcud olmuş geosiyasi balansı da dəyişir:

“Belə ki, Azərbaycan bu əlaqələri milli maraqlar çərçivəsində optimal və balanslaşdırılmış xarici siyasət strategiyası əsasında quraraq həm siyasi suverenliyini möhkəmləndirir, həm də yeni strateji imkanlar əldə edir. ABŞ ilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sülh gündəmi üzrə aparılan yüksək səviyyəli dialoq Azərbaycanın regionlararası əhəmiyyətini artırır. Bununla yanaşı, Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə ölkəmizin əsas tranzit qovşaqlarından biri kimi ön plana çıxması Azərbaycanı qlobal logistika şəbəkəsinin mərkəzi həlqəsinə çevirir. Həmçinin bu əməkdaşlıq xəttinin genişlənməsi ölkəmizin siyasi, iqtisadi və nəqliyyat sahələrində rolunu daha da gücləndirir. Beləliklə formalaşan yeni geosiyasi dinamika bölgədə ənənəvi təsir imkanlarına malik olan Rusiya və İranın mövqelərinə də təsirsiz ötüşmür.

İran və Rusiya regiona təsir imkanlarını qorumağa çalışsalar da, 2020-ci ildən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar, Ermənistanın Moskva yönümlü siyasətdən uzaqlaşması və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan–Türkiyə xətti ilə daha sıx əməkdaşlığı regionda rus təsirinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub”.

Politoloq bildirib ki, İranın Zəngəzur dəhlizi ilə bağlı “sərt” bəyanatları rəsmi Tehranın dəyişən geosiyasi nizamdan narahatlığını ifadə edir:

“Bununla belə mövcud şərait hər iki aktorun proseslərin gedişatını köklü şəkildə dəyişdirə biləcək resurs və imkanlara malik olmadığını göstərir. Azərbaycan isə belə mürəkkəb geosiyasi şəraitdə heç bir blokda təmsil olunmadan bütün tərəfdaşlarla bərabərhüquqlu və praqmatik əməkdaşlıq modelini davam etdirir. Enerji, nəqliyyat, təhlükəsizlik və diplomatiya sahələrində həyata keçirilən balanslı siyasət ölkəmizi regionun aparıcı siyasi, iqtisadi və logistik aktorlarından birinə çevirir.

Nəticə etibarilə, Cənubi Qafqazda formalaşan yeni geosiyasi nizam Azərbaycanın çevik diplomatiyasının, iqtisadi potensialının və çoxvektorlu siyasətinin məntiqi nəticəsidir. Onu da qeyd etmək lazımdır ki, ABŞ və Çinlə əməkdaşlığın dərinləşməsi Rusiya və İranın təsirini nisbi şəkildə zəiflətsə də, Azərbaycanın əsas hədəfi rəqabət mühiti yaratmaq deyil. Azərbaycan milli maraqlara uyğun olaraq təhlükəsiz, sabit və inteqrasiya olunmuş regional sistemin formalaşmasına töhfə verməyi hədəfləyir. Məhz bu strateji xətt ölkəmizi qlobal siyasi və iqtisadi sistemin mühüm mərkəzlərindən birinə çevirməyə davam edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*