Bakı Metrosunda real – “Squid game” oyunu – TƏHLÜKƏ YAXINDADIRbackend

Bakı Metrosunda real - "Squid game" oyunu - TƏHLÜKƏ YAXINDADIR

“Squid game” (Ölum oyunları) serialına yəqin ki, çoxu baxıb. İşdi, içinizdə kim baxmayıbsa, ona təklifim var. “Squid game” serialını kompüterdən və ya planşetdən izləməkdənsə cəmi 30 qəpik verib, Bakı Metropoliteninin 28 May Metrostansiyasında canlı izləmək daha məsləhətlidir. Əgər izləmək istəyirsinizsə, hər gün saat 18:00-dan sonra həmin stansiyanın Dərnəgül və İçərişəhər istiqamətində gedən platformasına yaxınlaşın. Onda siz əsl “Squid game”in canlı şahidi olacaqsınız. Düzdür, hələ ki, orda bədbəxt hadisə baş verməyib. Ancaq səlahiyyətli şəxslər tezliklə tədbir görməyəcəyi halda bədbəxt hadisənin şahidi olacağıq. Onda Metropolitenin mətbuat xidməti ehtiyatsızlıqdan bədbəxt hadisə baş verdiyini elan edəcək. Hər kəs də buna inanacaq. Amma indidən həyəcan təbili çalmaq lazımdır ki, “Metropoliten” QSC-nin çox hörmətli sədri Zaur müəllim Hüseynov özünə əziyyət verib bu işi araşdırsın və bədbəxt hadisə baş vermədən təcili bu problemə əncam çəksin!

KONKRET.az xəbər verir ki, bu sözləri jurnalist Elmar Hüseynov “Facebook” səhifəsində yazıb.

O hesab edir ki, məsələ bədbəxt hadisə ilə nəticələndikdən sonra problemi həll etmək əvəzinə indidən müvafiq tədbir görülməlidir.

“Çünki hazırda Bakıda nəqliyyatın hərəkəti iflic vəziyyətindədir. Bu işə əncam çəkəcək qurum Bakı Nəqliyyat Agentliyinin isə işi-gücü maşınları cərimələyib pul yığmaq və ödəmə terminallarını, dayanacaqları özlərinin yaratdığı “Simit Sarayı” və bu kimi ticari şirkətlərinə kirayə verib pul qazanmaqdır. Agentlik elə yarandığı ilk günlərdən “yaxşı” əməlləri ilə onsuz da gözümüzdə öz hörmətsizliyini qorumaqla məşğuldur. Məsələn: BNA sözçüsü Mais Ağayev mənə illərdir 108A marşrutunun düzələcəyi barədə yalandan vədlər versə də, hələ də “Azadlıq” metrosundan Görədil kəndinə işləyən 108A marşrut avtobusu nə düz əməlli işləyir, nə də əl dəyişir. Deyilənə görə, sahibi Qurban kişinin adamı kimdirsə, onu heç Agentlik də 108A-dan çıxara bilməyib. Kənd camaatının Abşeron rayonunun yeni icra başçısı Abdin Fərzəliyevə müraciəti nəticəsində isə Fatmayı-Xırdalan yolunda işləyən 592 nömrəli marşrutun yolu Fatmayidən Görədilə qədər uzadıldı. Eyni zamanda hərəkət intervalı da 5 dəqiqəyə endirildi. Amma nə kəramətdirsə, hələ də 108A on il əvvəl necə işləyirdisə, eləcə öz işindədir. Kənd camaatının nə qədər şikayəti olsa da, bir atalar sözündə deyildiyi kimi: “Dəyirman öz işində, çax-çux baş ağrıdar” prinsipi ilə 108A xarab olub yollarda qala-qala, yarım saatlıq intervalla, insanları boğaza yığa-yığa işləyir. Onu da deyim ki, mən hələ təkcə 108 A-nın problemindən danışdım, gör indi 108A-ya qədər nə qədər avtobuslarda bu cür problemlər var. Uzun sözün qısası, bu gün Bakı yollarındakı sıxlığa, marşrutların işləmədiyinə görə hər kəsin əmvatına salam göndərdiyi qurumdan onsuz da özünə hörmət göstərəcəyini gözləyən yoxdur”, – deyə jurnalist bildirib.

Lakin Elmar Hüseynov Bakı Metropoliteni QSC-yə BNA yolu ilə getməyi məsləhət görmür:

“İnanırıq ki, bu qurum hər halda onlar üçün deyilən iradları nəzərə alacaq. Ona görə də pik saatlarda Bakı Metropoliteninin 28 May Metrostansiyasının Dərnəgül və İçərişəhər istiqamətində gedən platformasında “Squid game”-nin bir daha yaşanmayacağı ümidi ilə…” – deyə jurnalist fikrini yekunlaşdırıb.

Günel Mikayılova,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*