Bakı metrosunun bütün stansiya rəislərinin yerləri dəyişdirildibackend

Bakı metrosunun bütün stansiya rəislərinin yerləri dəyişdirildi

“Bakı Metropoliteni” QSC-nin demək olar ki, bütün stansiyalarının rəisləri dəyişdirilib.

KONKRET.az xəbər verir ki,  bu barədə qurumun rəisi Zaur Hüseynov əmr imzalayıb.

Əmrə əsasən 3 stansiyanın rəisləri istisna olmaqla 23 stansiyanın rəisi dəyişib.

Xatırladaq ki, bundan əvvəl yanvarın 18-də “Bakı Metropoliteni”nin 3 stansiyasına yeni rəis təyin edilmişdi. Belə ki, Z.Hüseynovun əmrinə əsasən, Yusif Şabanov metronun “Nizami” stansiyasının rəisi vəzifəsindən azad edilərək inşası yekunlaşmaq üzrə olan “8 Noyabr” stansiyasına rəis təyin olunmuşdu. “Nizami” stansiyasına rəhbərlik isə Vüsal Zeynalova həvalə edilmişdi. Bundan başqa, metronun “Xalqlar Dostluğu” stansiyasının vəfat etmiş rəisi İlqar Əliyevin yerinə Arif Həsənli gətirilmişdi.

Sonuncu dəfə 2019-cu ilin sentyabrında Bakı metrosunun rəisləri kütləvi şəkildə yerdəyişmə etmişdi.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov faktı təsdiq edib:

“Dövrü olaraq metronun stansiya rəislərinin iş yerləri dəyişdirilir. 26 stansiyadan 23-də belə yerdəyişmələr edilib. Yeni inşa olunmuş və istismara hazırlanan “8 Noyabr”, həmçinin “Nizami” və “Xalqlar dostluğu” stansiyalarının rəisləri yeni təyin edildiyindən onlar məsul olduqları stansiyalarda tutduqları vəzifələrdə saxlanılıblar. Stansiya rəislərinin yerdəyişməsi hərəkətin təşkil edilməsii baxımından mütəxəssis heyətinin peşəkarlığının daha da yüksəldilməsi, daim yeniliklərə meyilli olmasını təmin edir. Metropoliten stansiyaları sərnişinə xidmət baxımından bir-birindən çox fərqlənməsə də, texniki-istismar xüsusiyyətləri, infrastruktur səciyyələri və digər məsələlərlə bağlı bir-birindən fərqlənir.

Bunlardan əlavə, yerdəyişmələr stansiya rəislərinin peşə vərdişlərini möhkəmlətməsi, peşə qabiliyyətini artırması, bilik və bacarıqlarını praktiki cəhətdən zənginləşdirməsi baxımından da əhəmiyyət kəsb edir və yekun olaraq “Bakı Metropoliteni”ndə kadrların optimal hazırlıq səviyyəsində olmasını təmin edir”./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*