Bakı uzun illərdir ekoloji problemlərlə üz-üzədir: havanın çirklənməsi, əhalinin həddən artıq sıxlığı və nəqliyyat yükü paytaxt sakinlərinin gündəlik həyatına təsir göstərir. Bəs bu problemlər Bakının paytaxt statusundan imtina edilməsinə əsas ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, ekoloji problemlər Bakıda yeni yaranmayıb, onların kökü hələ Sovet dövrünə gedib çıxır:
“19-cu əsrdə Qara şəhər formalaşanda belə ciddi ekoloji problemlər var idi. Onların həlli üçün isə mütləq yerli icra hakimiyyətləri və bələdiyyələr məsuliyyət daşımalıdır. Bu gün havanın çirklənməsi həm də şəhərsalma və əhalinin sıxlığı ilə bağlıdır. Əsas məsələ nəqliyyat yükünün və demoqrafik balanssızlığın aradan qaldırılmasıdır”.
Ekspertin sözlərinə görə, 1990-cı illərdə yaşanan böhran nəticəsində əhalinin böyük hissəsi Bakıya və Abşeron yarımadasına toplaşıb ki, bu da ciddi demoqrafik böhrana səbəb olub:
“Bizim urbanizasiya problemimiz var. Region şəhərləri inkişaf etməlidir ki, insanlar yalnız paytaxta axışmasın. Naxçıvan MR və digər bölgələrdə xüsusi inkişaf proqramları hazırlanmalı, sənaye və kənd təsərrüfatı sahələri bərabər şəkildə bölüşdürülməlidir. Əks halda, paytaxtın dəyişdirilməsi çıxış yolu olmayacaq. Çünki harada yeni paytaxt salınsa, əhali yenə ora köçəcək”.
Qorxmaz İbrahimli hesab edir ki, Bakı sənaye şəhəri olaraq qalmalıdır və paytaxt statusunu dəyişməyə ehtiyac yoxdur. Onun fikrincə, problemi həll etmək üçün ölkədə iqtisadi rayonlaşma düzgün aparılmalı, idarəetmə sistemi islahat edilməlidir:
“Valilik prinsipinə keçilməli, bələdiyyələrin səlahiyyətləri artırılmalı və bunun üçün referendum əsasında Konstitusiyada dəyişikliklər aparılmalıdır.Çünki icra hakimiyyəti sistemi idarəetmədə ən ağır yük yaradan təkərdir”.
Ekoloqun qənaətinə görə, bütün bu islahatlar aparılarsa, Bakı böyük şəhər olaraq mövcud problemlərinə baxmayaraq, yaşanacaq məkana çevrilə bilər.
Aynurə İsmayıl
KONKRET.az