Bakı Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edəcək? – Tofiq Zülfüqarov Putinin səfərini şərh edirbackend

Bakı Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edəcək? - Tofiq Zülfüqarov Putinin səfərini şərh edir

Rusiya prezidenti Vladimir Putin Bakıya gəlib. Rəsmi məlumata görə, tərəflər Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələlərini, eləcə də aktual beynəlxalq və regional problemləri müzakirə edəcəklər.

Bəzi Qərb mətbu orqanları isə iddia edir ki, Azərbaycan Rusiya ilə Ukrayna arasındakı müharibədə vasitəçilik rolunu da üzərinə götürə bilər.

Sözügedən iddianın reallaşması nə qədər real görünür? Ölkəmiz buna hazırdırmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bunun mümkün ehtimallar arasında olduğunu deyib:

“Qeyd olunan ehtimalların səsləndirilməsinə bir neçə əsas var. Buna bənzər təcrübələrimiz olub. Xatırlayırsınızsa, 2018-ci ildə Rusiya Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Körtis Skaparotti ilə görüşüb. Həmçinin ölkəmizdə bir çox vacib müzakirələr baş tutub. Bu kimi hallar Azərbaycanın vasitəçilik ehtimallarını da ortaya çıxarır. Onu da qeyd edim ki, ölkəmizin həm Ukayna, həm də Rusiya ilə yaxşı əlaqələri var. İlham Əliyevin nüfuzu da buna əsas verir. Təbii ki, Azərbaycan müsbət nəticələrin əldə edilməsi üçün bütün şəraiti yaratmağa hazırdır”.

Ekspert daha əvvəl Türkiyənin vasitəçilik səylərin də xatırladıb:

“Bundan əvvəl Rusiya və Ukrayna rəsmiləri Türkiyənin vasitəçiliyi ilə görüşüb. Bəzi nüanslar üzrə razılıq əldə edilmişdi. “Taxıl sazişi” üzrə praktiki addımlar atılmışdı. Bu yöndə Türkiyənin də təcrübəsi var. Putinin Azərbaycana səfərindən əvvəl Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng vurmuşdu. Düzdür, rəsmi məlumatda bu yöndə hər hansı məqam qeyd olunmayıb. Amma vasitəçilik məsələsi mümkün ssenarilər arasındadır. Ölkəmizin mövqeyi birmənalıdır. Həm Rusiyanın, həm də Ukraynanın yetərli qədər etimadını və hörmətini qazanmışıq. Sülh üçün olduqca əlverişli məkanıq”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*