Bakı seçimini etdi: Qonşuda vaxt bitir – Təxribat olacaqbackend

Bakı seçimini etdi: Qonşuda vaxt bitir – Təxribat olacaq

Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca gərginlik artır. Ölkədə hakim Gürcü Arzusu – Demokratik Gürcüstan partiyası ilə keçmiş prezident Mixail Saakaşvilinin dəstəkçiləri arasında mübahisələr şiddətlənir.

Hətta Gürcüstan təhlükəsizlik orqanları seçkilərdən əvvəl hakimiyyət nümayəndələrinin saxta səs yazısı və görüntülərinin yayıla biləcəyinə dair xalqa xəbərdarlıq edib. Eyni zamanda ABŞ və Qərbin Tbilisinin Avropa İttifaqına inteqrasiya yolundan uzaqlaşması fonunda ölkədə rəngli inqilablar planlaşdırdığı da iddia edilir. Belə olan halda Gürcüstanda yaşayan azərbaycanlıların ölkə və region üçün həlledici olan bu seçkilərdə kimi dəstəkləyəcəyi sual doğurub.

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Əli Zülfüqaroğlu deyib ki, gözlənilən seçkilər sadəcə Gürcüstan deyil, bütün region üçün əhəmiyyət daşıyır:

“Çünki baş verə biləcək hər hansı arzuolunmaz hadisə bölgəni qarışdırmaq istəyən qüvvələrin işinə yarayacaq. Məlumdur ki, Qərb seçkilərdən öncə Gürcüstanda xaos yaratmaq və hökuməti devirmək istəyir. Tbilisi strateji maraqlarını əsas götürərək, müstəqil siyasət yürüdür və Moskva ilə münasibətləri normallaşdırmağa cəhd göstərir.

Əlbəttə, uzun illər ərzində Gürcüstanda formalaşdırdığı rıçaqların sıradan çıxarılmasına görə narahat olan Qərb hər vəchlə çalışır ki, seçkiöncəsi təxribatlar törətsin. Çünki hökumətin güclü olması və qələbə qazanma şansının yüksək qiymətləndirilməsi Qərbin seçkiyə qədər prosesləri öz lehinə dəyişməyə maksimum cəhd edəcəyinə şübhə doğurmur”.

Politoloqun sözlərinə görə, Qərb uzun illər Gürcüstanda təsir imkanları əldə etmək üçün müxtəlif alətlər formalaşdırıb:

“Xüsusilə qeyri-hökumət təşkilatları və digər sahələrdə oturuşmuş qüvvələr var. Amma, hökumət kifayət qədər prinsipialdır, yürüdülən siyasi kurs Gürcüstanın gələcəyi üçün həyati əhəmiyyət daşıyır. Hazırkı Tbilisi hökumətinin qələbəsi və güclənməsi həm də Qərbin bölgədə dayaqlarının sarsılması baxımından həlledici məsələdir. Buna səbəbdən hakimiyyətə qarşı bütün istiqamətlərdə addımlar atmağa cəhd edəcəklər. Çalışacaqlar ki, qarşıdurma yaransın, etiraz dalğası genişlənsin, beləliklə də xaotik mənzərə formalaşsın.

Nəticədə isə Qərb ənənəvi yolla öz təsir imkanlarını genişləndirsin. Amma, bu planların həyata keçəcəyini düşünmürəm. Hökumət güclüdür, sistemli fəaliyyət yürüdür, kifayət qədər qərarlı və prinsipial mövqe sərgiləyir”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, Azərbaycanın Gürcüstanla münasibətləri yüksək səviyyədədir:

“İki ölkə bir çox istiqamətlərdə əməkdaşlıq edir. Gürcüstanda seçkilərin sakit və müsbət məcrada keçirilməsi region üçün ciddi əhəmiyyət daşıyır. Bakı-Tbilisi münasibətlərin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin rolu böyükdür. Prezidentin Gürcüstana səfərləri, Baş nazir Kobaxidze ilə şəxsi münasibətləri dövlətlərarası əlaqələrin inkişafında mühüm rol oynayır.

Gürcüstan Azərbaycandan sonra Cənubi Qafqazın ikinci önəmli ölkəsidir. Həm Bakı, həm də Tbilisi regionda sabitlik və inkişafın təmin olunmasında həlledici rola malikdir. Parlament seçkilərində hakim partiyanın qalib gəlməsi Azərbaycanın da maraqlarına tam cavab verir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*