Rusiyanın hərbi-sənaye kompleksi neft-qaz və “Rosatom”la birlikdə qlobal iqtisadiyyatda üstünlüyu təmin edən üç rəqabət amilindən biridir. Rusiya Qərb dünyasına aid olmayan ölkələri silahla təchiz etmək üçün bütün imkanlara sahibdir.
KONKRET.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın Azərbaycana hərbi texnika satışını şərh edən “Alpari” informasiya-təhlil mərkəzinin rəhbəri Aleksandr Razuvayev söyləyib.
Ekspertin sözlərinə görə, neft gəlirləri Bakıya dünya silah bazarında özünü inamlı alıcı kimi hiss etməyə imkan verir.
“Son 10 il ərzində Azərbaycan təqribən 5 milyard dollar məbləğində Rusiya silahı əldə edib. S-300 PMU-2 zenit raket sistemlərinin iki divizionunun, 100-ə qədər T-90S tankının və 118 ədəd BMP-3 piyada döyüş maşınının, 18 özüyeriyən “Msta-S” artilleriya qurğusunun, 18 ədəd “Smerç” yaylım atəşi reaktiv sistemlərinin işəsalma qurğularının və digər hərbi texnikanın alınması üçün müqavilələr imzalanıb. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin 3 oktyabr 2019-ci ildə Soçidə baş tutmuş görüşü zamanı hərbi-texniki əməkdaşlıq məsələləri də qaldırılıb”, – deyə ekspert bildirib.
Şərhçinin sözlərinə görə, indi yeni və daha vacib anlaşma mümkündür:
“Bakı Su-57-ləri alacaq ki, bu da Ermənistanın daha 8 qırıcını almaq şərti ilə 4 ədəd Su-30 SM qırıcısını əldə etməsinə cavabdır. Ermənistan kasıb ölkədir, ancaq KTMT üzvüdür. Maraqlıdır ki, Bakının əsas müttəfiqi olan Türkiyə də Su-57-lərə maraq göstərir”.
Razuvayev qeyd edib ki, Bakı seçim qarşısındadır, məsələn, Rusiya təyyarələrinin əvəzinə daha ucuz başa gələn Çin-Pakistan istehsalı olan qırıcıları əldə edə bilər:
“Müvafiq olaraq, Bakı seçimini Moskvanın xeyrinə etsə, S-400-lərin Türkiyəyə çatdırılması halında olduğu kimi, Rusiya dövlət kreditinə arxayın ola bilər”.