“Ermənistanın baş naziri Nikol Paşinyan Praqada bəyan edib ki, KTMT İrəvan qarşısında öhdəliklərini yerinə yetirə bilmir və təşkilatla münasibətlərdə çətinliklər var. Beynəlxalq münasibətlər artıq sıfırlandığından yeni proses gedir. Dünya nüvə müharibəsi ilə məhv edilməsə, yeni nizam formalaşacaq”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri politoloq Stepan Danielyan səsləndirib. Politoloqun fikrincə, dünya çoxqütblüyə doğru irəlilədikcə yeni koalisiyalar formalaşacaq: “KTMT, ATƏT, Aİ, NATO transformasiya prosesindədir. Güman edilir ki, yaxın 2-3 il ərzində yeni əlaqələr və təşkilatlar formalaşacaq. Ermənistanla KTMT arasındakı münasibətlərdə yaranan çətinliklərdə isə qeyri-adi heç nə yoxdur. Çünki KTMT də, ATƏT və Aİ kimi uğursuz strukturdur. Bunlar 1945-ci il müharibəsindən sonra yaranmış strukturlarıdır. O vaxtkı əlaqələr artıq mövcud olmadığından bu təşkilatların taleyi sual altındadır”, – Danielyan deyib.
Erməni politoloq sülh müqaviləsi imzalanacağı təqdirdə Rusiya hərbi bazasının Ermənistanda qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb: “Biz də NATO-nun Gürcüstanda və ya Ukraynada qalıb-qalmayacağı ilə bağlı sual qaldıra bilərik. Həmçinin kimin dost, kimin düşmən olduğunu araşdırmalıyıq. Hazırda anlaşılmaz vəziyyət yaranıb. Bütün bunlara aydınlıq gətirmək üçün beynəlxalq münasibətlərdə hansısa yeni “arxitektura” olmalıdır. Sadəcə biz hər şeyi öz üzərimizdə hiss edirik”.
Azərbaycan və Türkiyə ilə müqavilənin imzalanmasına gəlincə, Danielyan deyib: “Bütün bunlar təkcə Ermənistan, Azərbaycan və Türkiyədən asılı deyil. Təsadüfi deyil ki, Rusiya, Aİ, ABŞ kimi müxtəlif vasitəçilər yaranıb. Bunlar müxtəlif platformalardır. İmzalanan saziş bu qlobal proseslərdən asılıdır. Yəni, Cənubi Qafqazın geosiyasi gələcəyi həll olunur və burada təkcə bizim deyil, həm də böyük oyunçular arasında mübarizə gedir. Hesab edirəm ki, bu, çox mürəkkəb prosesdir və belə bir sazişi bağlamaq asan deyil. Burada İranın da rolu nəzərə alınmalıdır. Yumşaq desək, İran Qərblə hər an qaynar mərhələyə çevrilə bilən soyuq müharibə ərəfəsindədir. Bu,bizim ərazilərimizdə də baş verə bilər”, – deyə Danielyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az