Bakıda ev almaq istəyənlər OXUSUN: Bu ərazilərdə qiymətlər yüksələcəkbackend

Bakıda ev almaq istəyənlər OXUSUN: Bu ərazilərdə qiymətlər yüksələcək

Bakıda daşınmaz əmlak bazarı yenidən aktiv fazaya qədəm qoyur. İnfrastruktur layihələrinin genişlənməsi, yeni yaşayış komplekslərinin salınması və nəqliyyat imkanlarının artması fonunda bəzi ərazilər artıq sürətlə bahalaşmağa başlayıb. Maraqlıdır, yaxın illərdə paytaxtın hansı zonaları daha cəlbedici olacaq və qiymət artımı haralarda qaçılmazdır?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov KONKRET.az-a açıqlamasında bildirib ki, əsasən aktiv infrastruktur inkişafı olan ərazilər investisiya baxımından daha cəlbedici olacaq və bu da qiymətlərin yüksəlməsinə səbəb olacaq.

Ekspertin sözlərinə görə, son bir ildə ən ciddi bahalaşma müşahidə olunan ərazilərdən biri Sea Breeze layihəsi və onun ətrafıdır.

“Keçən il də bu ərazi ilə bağlı proqnoz verilmişdi və özünü doğrultdu. Sea Breeze və ona bitişik ərazilərdə daşınmaz əmlakın qiyməti son bir ildə təxminən 50 faiz artıb. Xüsusilə torpaq sahələri, fərdi yaşayış evləri və yol kənarında yerləşən kommersiya obyektlərində bahalaşma daha çox hiss olunur”, – deyə
Elnur Azadov qeyd edib.

Onun sözlərinə görə, qiymət artımı potensialı olan ikinci əsas ərazi Ağ şəhər layihəsidir.

“Ağ şəhər və ətraf zonalarda infrastrukturun sürətlə inkişaf etməsi daşınmaz əmlaka olan marağı artırır. Üçüncü istiqamət kimi isə Bakının müxtəlif hissələrində planlaşdırılan yeni metro xətlərinin açılması göstərilir. Şəhər daxilində yeni metro stansiyalarının istifadəyə verilməsi həmin ərazilərdə mənzil və torpaq qiymətlərinə birbaşa təsir göstərəcək”.

Ekspert dənizkənarı zonalarda da bahalaşma ehtimalının yüksək olduğunu vurğulayıb. Turizm axınının artması fonunda xüsusilə infrastrukturu inkişaf etmiş ərazilər – Buzovna, Novxanı, Bilgəh və Şıxovda qiymətlərin yüksəlməsi gözlənilir.

“Bakının ətraf qəsəbələrinə gəldikdə isə Masazır və Xırdalan son bir ildə tələbin artması hesabına daha stabil qiymət dinamikası nümayiş etdirib. Bu ərazilərdə yeni yolların çəkilməsi ilə bağlı planlar həyata keçirilərsə, yaxın dövrdə qiymət artımı qaçılmaz olacaq.

Bundan əlavə, Sumqayıt şəhərinin mərkəzi hissəsində də bahalaşma gözləntiləri var”.

Ekspert bildirib ki, bəzi ərazilərin yenidənqurma və bərpa planlarına düşməsi həmin zonalarda və ətraf sahələrdə daşınmaz əmlakın dəyərini artıracaq.
Beləliklə, infrastruktur layihələri, turizm potensialı və nəqliyyat imkanlarının genişlənməsi Bakıda və ətraf şəhərlərdə daşınmaz əmlak bazarının əsas hərəkətverici qüvvəsi olaraq qalır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*