“Azerconnect Group” və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə gənc jurnalistlər üçün “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” adlı media forum keçirilib.
KONKRET.az xəbər verir ki, forumun məqsədi gənclərin media sahəsində peşəkar inkişafının dəstəklənməsi, təcrübəli media nümayəndələri ilə görüş və fikir mübadiləsinin təşkili, həmçinin rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi ilə bağlı praktiki biliklərinin artırılması olub. Tədbirdə dövlət və özəl sektor nümayəndələri, ölkənin aparıcı media qurumları, ali təhsil müəssisələrinin təmsilçiləri, eyni zamanda jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan gənclər iştirak ediblər.
Forumda açılış nitqi ilə çıxış edən “Azerconnect Group”un baş direktoru Emil Məsimov tariximizin ən önəmli anlarında medianın ölkənin milli maraqlarının qorunmasına öz töhfəsini verdiyini vurğulayıb. Müasir dövrdə media anlayışının rəqəmsal texnologiyalar və yeni kommunikasiya vasitələri ilə yenidən formalaşdığına diqqət çəkən baş direktor bu transformasiyada gənc nəslin həlledici rol oynadığını qeyd edib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Azərbaycanda gənclərin özünü ifadə etməsi, öz potensialını reallaşdırması üçün olduqca münbit və əlverişli şərait mövcuddur. O, istedadlı gənclərimizin öz bilik və bacarıqlarını media sahəsində də realizə etmək üçün səylərini əsirgəməyəcəklərinə və bu prosesdə qazanan tərəfin Azərbaycan mediası, bütövlükdə isə ictimai fikir olacağına inamını ifadə edib.
Mətbuat Şurasının sədri Rəşad Məcid isə çıxışında “Əkinçi” qəzetindən başlanan Azərbaycan milli mətbuat tarixinin zəngin inkişaf yoluna nəzər salıb. O qeyd edib ki, bu tarixi irs indi də medianın əsas missiyasını müəyyənləşdirir və yeni nəsil jurnalistlərin formalaşmasında mühüm rol oynayır.
Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyevanın moderatorluğu ilə baş tutan “Gələcəyin mediasına baxış: jurnalistika gələcəyin peşəsi kimi” mövzusunda panel sessiyada “BAKU TV”nin rəhbəri Ramin Cəfərov, “APA TV”nin rəhbəri Orxan Məmmədli, “Azerconnect Group”un Korporativ kommunikasiyalar departamentinin direktoru Əziz Axundov, “Qafqazinfo.az” veb-saytının baş redaktoru Günel Əbilova, “Oxu.az” veb-saytının baş redaktoru Ülvi Səfərov tərəfindən media sahəsində innovativ yanaşmalar, süni intellektin jurnalistikaya təsiri, rəqəmsal transformasiya prosesləri, eləcə də gələcəyin jurnalistləri üçün zəruri kompetensiyalar barədə geniş müzakirələr aparılıb və jurnalistika peşəsinin cəmiyyət üçün strateji əhəmiyyət daşıdığı, gənclərin bu sahəyə marağının təşviq edilməsinin vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində təşkil edilən “Media peşəkarlığı və yeni nəsil jurnalistika” mövzusunda təkbətək formatlı görüşdə “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı çıxış edərək, sürətlə dəyişən informasiya ekosistemində etik prinsiplərin möhkəmləndirilməsi, texnoloji yeniliklərin inteqrasiyası və ictimaiyyətlə effektiv dialoqun qurulmasının vacibliyini, jurnalistikanın cəmiyyətin inkişafındakı strateji rolunu xüsusi qeyd edib.
Eyni zamanda, “Global Media Group”un İnsan resursları departamentinin rəhbəri Səadət İsmayılova “Müasir dövr mediasında gənclər üçün məşğulluq imkanları”, “SAT Group”un SMM və süni intellekt üzrə təlimçisi Abdulla Abdullayev isə “Süni intellektin jurnalistikada rolu” mövzusunda təlim keçib. Tələbələr bu təlimlərdə jurnalistikanın inkişafında innovativ alətlərin rolu, yeni nəsil media mühitində peşəkarlıq tələbləri və gələcək karyera imkanları barədə dəyərli biliklər qazanıblar.
İştirakçılar tanınmış media nümayəndələri ilə bir araya gələrək, real təcrübələr və praktiki nümunələr əsasında sahənin gələcək inkişaf perspektivlərini müzakirə etmək imkanı əldə ediblər.
Qeyd edək ki, foruma ADA Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universiteti jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin digər ali məktəblərdən bu sahəyə maraq göstərən 100-ə yaxın gənc qatılıb.