Bakıda ictimai nəqliyyat pulsuz ola bilər? – AÇIQLAMAbackend

Bakıda ictimai nəqliyyat pulsuz ola bilər? - AÇIQLAMA

Son illər əksər Avropa ölkələri ictimai nəqliyyatı tamamilə ödənişsiz edir. Aparılan araşdırmalar da onu göstərir ki, ictimai nəqliyyatın pulsuz olması insanların daha az şəxsi avtomobildən istifadə etməsinə, əvəzində daha çox pulu kafe, restoran, əyləncəyə sərf etməsinə gətirib çıxarır. Bu isə öz növbəsində həm dövlətin daha çox qazanmasına, həm də ekoloji vəziyyətə müsbət təsir edir.

Maraqlıdır, ictimai nəqliyyatın pulsuz edilməsi ölkəmizdə də bənzər ssenarini təkrarlaya bilərmi?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli deyib ki, fəlsəfi olaraq götürsək, ictimai nəqliyyatın pulsuz olması ən azından ekoloji nöqteyi-nəzərdən müsbət bir tendensiyadır.

Onun sözlərinə görə, Qərbi Avropada ictimai nəqliyyatın pulsuz olması vətəndaşların iqtisadi göstəricisinə təsir edən ciddi bir amildir:

“Avropa ölkələrində ictimai nəqliyyat bizim ölkədə çox bahadır – bir gediş təxminən iki avrodur. Bu mənada bu ölkələrdə ictimai nəqliyyatın pulsuz olması istənilən halda insanların büdcəsinə müsbət təsir edir.

Azərbaycanda isə nəqliyyatın pulsuz olmasının iqtisadi artıma ciddi təsir göstərəcəyi sual altındadır. Çünki bizdə ictimai nəqliyyat Avropaya nəzərən baha deyil. Yəni ictimai nəqliyyatın pulsuz olması insanlara gündəlik 60-90 qəpik qənaət etdirəcək. Bu pulla isə vətəndaş hansısa bir restorana, kafeyə gedəsi deyil. Bununla belə ictimai nəqliyyatın pulsuz olması insanların mobilliyini artıra bilər. Bu belə bir effekt verə bilər ki, insan ictimai nəqliyyatın pulsuz olduğunu düşünərək daha çox şəhərdaxili səyahət etmək istəyir, bu zaman isə istər-istəməz bir kafedə oturub çay içəcək. Bunun da öz növbəsində iqtisadiyyata təsiri olacaq.

Ekoloji nöqteyi-nəzərdən götürdükdə isə təbii ki, bu addımın müsbət təsiri olacaq. İctimai nəqliyyatın effektiv işləməsi, pulsuz olması şəxsi avtomobillərdən istifadəni azalda bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*