Bu gün səhər saat 07:00 radələrində Xəzər rayonu, Binə südçülük sovxozu, “OBA” marketdə yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
KONKRET.az -ın xəbərinə görə, TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Qeyd olunub ki, təcili tibbi yardım briqadası 3 qadını müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə edib: “Xəsarət alan şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib. Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.
***10:34
Binədə “OBA” marketdə baş verən partlayışda xəsarət alanların sayı 3-ə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə “OBA” məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində “Oba” marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən “Binə 3” mağazasında partlayış baş verib:
“Hadisə nəticəsində iki əməkdaşımız və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır”.
Xəbərdə qeyd olunub ki, “OBA” marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir:
“Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq”.
***09:17
Fövqəladə Hallar Nazirliyi Binədə marketdə baş verən partlayışla bağlı məlumat yayıb.
Bu barədə KONKRET.az -a nazirlikdən məlumat verilib.
Bildirilib ki, bu gün saat 07:10-da FHN-in 112 qaynat xəttinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub:
“Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb”.
***09:00
Bu gün səhər saat 06:45 radələrində “OBA” marketlər şəbəkəsinin “Binə 3” filialında partlayış baş verib.
KONKRET.az bildirir ki, bu barədə Axar.az-a marketlər şəbəkəsindən məlumat verilib.
“İlkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir. Hadisə nəticəsində “OBA”nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb. Hazırda hadisənin təfərrüatları araşdırılır. Daha ətraflı məlumat veriləcək”, – məlumatda deyilir.
Video Bakues.az-a məxsusdur