Bakıda mühüm gəlişmə: Moskva və Tehran sıradan çıxır – Ankara meydandabackend

Bakıda mühüm gəlişmə: Moskva və Tehran sıradan çıxır – Ankara meydanda

2025-ci ilin ilk beş ayında Rusiyadan Azərbaycana gələn turistlərin sayı 241 min nəfəri keçib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz azalma deməkdir. Eyni tendensiya Türkiyə və İrandan gələn turistlərdə də müşahidə olunur. Bu vəziyyət, əsasən, beynəlxalq gərginliklər və geosiyasi amillər ilə əlaqələndirilir.

Rusiya ilə mövcud siyasi-iqtisadi münasibətlər fonunda bu azalma tendensiyası davam edə bilərmi? Eyni zamanda, Azərbaycandan Rusiyaya gedən turistlərin sayında necə bir dinamika müşahidə olunur?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, Azərbaycana, əsasən qonşu ölkələrdən – Rusiya, Türkiyə, İran və Gürcüstandan turist axını olurdu:

“Artıq bir neçə ildir ki, quru sərhədlər bağlıdır və bu səbəbdən həmin istiqamətlərdən gələnlərin sayı hələ də 2019-cu ilin göstəriciləri ilə müqayisədə tam bərpa olunmayıb. Statistikaya əsasən, ölkəyə gələn turistlərin ümumi sayında müəyyən azalma qeydə alınır. Bunun bir sıra geosiyasi səbəbləri var: regionda baş verən hadisələr, gərginliklər, ölkələrarası münaqişələr və digər amillər turist axınına mənfi təsir göstərib”.

Ekspert qeyd edib ki,  yeni, birbaşa reyslərin açılması ilə əlaqədar Türkiyədən gələn turistlərin sayında artım gözlənilir:

“Lakin İranda baş verən hadisələrə görə bazar hələ tam stabilləşməyib. İyunun 16-dan etibarən İrandan Azərbaycana birbaşa reyslərin açılması və müntəzəm uçuşların həyata keçirilməsi planlaşdırılırdı. Bu çərçivədə, Tehran və Bakı, həmçinin Təbriz və Bakı arasında həftədə 4 və 2 dəfə olmaqla birbaşa reyslərin reallaşdırılması nəzərdə tutulurdu. İran və İsrail arasındakı münaqişə nəticəsində bu məsələ təxirə salındı. Bir müddət hava məkanları da bağlandı. Bunlar, əlbəttə ki, Azərbaycana gələn turistlərin sayına mənfi təsir göstərdi”.

C.Aşurov əlavə edib ki, turizm bazarının bərpası üçün siyasi və iqtisadi sabitlik mütləq şərtdir:

“Bu, yalnız həmin ölkələrdən Azərbaycana gələn turistlərin sayına deyil, eyni zamanda vətəndaşlarımızın da səfərlərinə təsir göstərir. Əvvəlki illərdə yay mövsümündə Moskvadan Bakıya daha çox turist gəlirdi, onlar, xüsusən də dənizkənarı ərazilərdə istirahət edirdilər. Lakin bu il Rusiyadan gələn turistlərin sayında nisbətən azalma müşahidə olunur. Yay fəslinin bitməyinə az müddət qalıb və iki ölkdə arasındakı gərginlik belə davam etdiyi halda, turist axınındakı tendensiya eyni qaydada irəliləyəcək. Dünyada baş verən hadisələr, müharibələr, siyasi gərginliklər turistlərin səyahət qərarlarına və ya hansı bazarı seçmələrinə ciddi təsir edir. İnsanlar bu məsələdə çox həssasdırlar və daha təhlükəsiz, stabil regionlara səfər etməyi üstün tuturlar. Yaxın gələcəkdə Azərbaycanda sabit bazar şəraitinin təmin edilməsi ilə yeni reyslərin açılması və təzə bazarlara fokuslanma sayəsində bu sahəni bərpa etməyə müvəffəq olacağıq”.

  • Elçin
    İyul 21, 2025 - 10:49

    Turistləri cəlb etmək üçün komfortlu şəraitdə olmalıdır maraqlı tədbirlər maraqli yerlər ucuzluq olmalıdır hər bir sahədə və turist bilməlidir ki hara gedir

Elçin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*