Son günlər ölkədə müşahidə olunan havaların gözlənilməz dəyişkənliyi payız fəsli ərəfəsində diqqət çəkir. Bəzən istilərin artması, bəzən isə qəfil sərinlik insanların “payız tez gəldi?” sualını verməsinə səbəb olur.
Mövzu ilə bağlı “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli KONKRET.az-a açıqlamasında bildirib ki, bu dəyişikliklər fəsillərin yerdəyişməsi ilə bağlı deyil:
“Azərbaycan mülayim-subtropik qurşaqda yerləşir və hal-hazırda yay fəsli davam edir. Müxtəlif vaxtlarda daxil olan isti və ya soyuq hava kütlələri səbəbindən temperaturda ani dəyişikliklər ola bilər. Amma bu, fəsillərin dəyişməsi və yaxud da reklam olunduğu kimi iqlim dəyişikliyi ilə birbaşa bağlı deyil. Lakin iqlim dəyişikliyinin təsirləri ümumi mənzərədə özünü göstərməkdədir”.
Ekspert qeyd edib ki, xüsusilə Bakı və Abşeron yarımadasında hava dəyişkənliyi daha çox hiss olunur:
“Bakı Xəzər dənizinin təsir dairəsindədir və burada küləklərin rolu böyükdür. Şimaldan daxil olan hava kütlələri temperaturu ani şəkildə aşağı salır. Güneydən gələn küləklər isə isti gətirir. Buna görə də payız havası artıq Bakıda hiss edilməyə başlayıb. Lənkəranda isə avqust ayında rütubət daha çox nəzərə çarpır”.
İbrahimlinin sözlərinə görə, hazırda yay mövsümü davam etsə də, bu, eyni zamanda yağıntıların az olduğu dövr deməkdir:
“Tədricən havalar sərinləşməyə doğru gedəcək. Bu da təbiidir. Ani istilik və ya soyuma halları isə keçici xarakter daşıyır”.
Aynurə İsmayıl
KONKRET.az