Bakıda 29 yaşlı kişi dörd ay əvvəl evləndiyi həyat yoldaşını küçədə döyüb.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
1996-cı il təvəllüdlü Famil Qasımov (adı və soyadı şərtidir) bu ilin aprel ayında ailə həyatı qurub. O, bir müddət həyat yoldaşı ilə normal münasibətdə olsa da, qızın valideynlərinin müdaxilələrindən sonra cütlük arasında mübahisə yaranıb. Nəticədə F.Qasımov həyat yoldaşından ayrı yaşamaq qərarına gəlib.
Bir neçə gün öncə Famil həyat yoldaşına zəng edərək onunla görüşüb münasibətləri düzəltmək istəyib. Onlar metronun “Həzi Aslanov” stansiyası yaxınlığında görüşüb söhbət etmək istəsələr də, həyat yoldaşı Famildən ayrılmaq qərarı verdiyini bildirib. O, Famildən məhkəməyə boşanma ərizəsi verməsini istəyib.
Tərəflər arasında yenidən mübahisə başlayıb və Famil həyat yoldaşının baş və bədən nahiyələrinə yumruq zərbələri endirib.
Qadın məsələ ilə bağlı polisə məlumat verib. Polis əməkdaşları hadisə yerinə gəliblər və Famil saxlanılaraq polis şöbəsinə aparılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Xətai Rayon Məhkəməsinin hökmü ilə F.Qasımov 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.