Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini bıçaqlamaqda təqsirləndirilən Qəmər Məmmədovanın (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
KONKRET.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
Qeyd: Hadisə 2021-ci il dekabrın 6-sı saat 00:40 radələrində Nəsimi rayonu ərazisində yerləşən idman zallarının birində qeydə alınıb.
Belə ki, idman zalının istirahət otağında kafelərin birində xidmətçi işləyən Qəmər Məmmədovun qeyri-rəsmi (sevgili) münasibətdə olduğu Faiq Həsənovla (ad, soyadı şərti) aralarında qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman Faiq qadının üz nahiyəsindən şillə vuraraq əlləri ilə onu qucaqlayıb. Qəmər isə kənara çəkilməyə çalışıb. Sevgilisi isə buna imkan verməyib. Daha sonra qadın mətbəx bıçağı ilə zərərçəkmiş şəxsin kürək nahiyəsindən bir dəfə qəsdən vurub.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Qəmər Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 2013-cü ildə boşanıb, hazırda gənc yaşlarında iki övladı var. O söyləyib ki, son 2 il ərzində Bakıda övadaları ilə birlikdə yaşayır.
Qadın vurğulayıb ki, Faiq rəsmi şəkildə evlidir, iki övladı olsa da, ailəsi ilə deyil, onunla birlikdə yaşayıb.//Pravda.az