Ötən gün Bakıda etiraz məqsədilə Heydər Əliyev prospektini bağlayan yük maşını sürücüləri inzibati qaydada həbs edilib.
KONKRET.az-ın APA-ya istinadən xəbərinə görə, sürücülər Fəxrəddin Məlikov və Mirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli biliniblər.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hər iki sürücü inzibati qaydada 30 sutka həbs olunublar.
***
10:45
Xəbər verdiyimiz kimi, fevralın 17-i səhər saatlarında “R-GROUP” şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayaraq etiraz etmiş və nəticədə saatlarla süni tıxac yaratmışdılar.
KONKRET.az Lent.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı TIR sürücüləri Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar. Onların üzr videoları da yayılıb.
Bu gün adıçəkilən şəxslərlə bağlı toplanmış materiallar məhkəməyə göndəriləcək və onların əməlinə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, həmin fakta bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb.