İsrailin və yəhudilərin Azərbaycanı dost və qardaş adlandırması erməniləri və ölkəmizə düşmən münasibəti bəsləyən ünsürləri, yumşaq desək, çox qıcıqlandırır.
Azərbaycan bölgədə sülh və normallaşma münasibətlərinin bərqərar olması uğrunda var qüvvəsi ilə çarpışarkən, ermənilər və onlara bənzəyənlər xəstə təxəyyüllərindən əl çəkmirlər.
Bunu vaxtilə Dağlıq Qarabağa qeyri-qanuni şəkildə səfər etmiş və Azərbaycan tərəfinin tələbi ilə Belarusdan ölkəmizə ekstradisiya edilmiş rusiyalı səyyah-bloger Aleksandr Lapşinin “Noyan Topan” internet kanalına verdiyi müsahibədən də açıq-aşkar görmək olar.
Erməni aparıcının istehza ilə “Azərbaycan hesab edir ki, İsrallə dostdurlar, qardaşdırlar” atmacasına cavab olaraq A.Lapşin belə cavab verib: “Düşünürəm ki, onlar arasında dostlıq və qardaşlıq heç vaxt olmayıb və yoxdur”.
Hazırda Ermənistanda yaşadığını söyləyən rus-yəhudi mənşəli səyyah-blogerin Bakı haqqında düşüncələrini kənar şəxs dinləyərsə, güman edər ki, Azərbaycan paytaxtında yalnız ermənilər, ruslar və yəhudilər yaşayıb.
Onun “əlbəttə, sovet dövründə günəşli, çoxmillətli şəhər olan Bakı” deməsi lap dodaq uçurdur. Sanki Bakıda daha günəş çıxmır və çoxsaylı millətlərdən də əsər-əlamət yoxdur.
Azərbaycana və xalqımıza qərəzli münasibətlə yanaşmadığını sübut etmək üçün arada Lapşin etiraf edir ki, onun vaxtilə Bakıda yaşamış yəhudi qohumları indiyədək bu şəhəri xoş təəssüratla xatırlayırlar və azərbaycanlılar arasında da yaxşı insanlar var. Üstəlik, İsraildə yaşayan yəhudi qohumlarının da onun Azərbaycana olan “naxoş” münasibətini anlamadıqlarını vurğulayır.
Amma öz ampluasına sadiq qalan bloger-səyyah Azərbaycana kin-küdurət bəslədiyini, hətta İsraildə yaşayan yəhudi qohumları arasında ölkəmizi pislədiyini qətiyyən gizlətmir:
“Mənə deyirlər ki, Azərbaycanı niyə pisləyirsən, çoxmillətli, dost dövlətdir. O zaman onlara deyirəm ki, sonuncu dəfə nə vaxt Bakıda olmusunuz? Cavab verirlər ki, 1984-cü ildə. Deyirəm, get, indi Bakıya bax. Həyətinizdə Anuş xala yoxdur, orada, ümumiyyətlə, erməni yoxdur. Ruslar, demək olar ki, qalmayıb. Orada praktiki olaraq heç bir yəhudi qalmayıb. Yaşadığınız yerdə tamamilə dəyişmiş demoqrafiyanı görəcəksiniz. Siz kəndlərdən və ya Qəbələ çöllərindən (?!) gələn adamları görəcəksiniz, onlar Bakıya pul qazanmağa gəliblər. Sizin sata bilmədiyiniz, hər şeyi atıb getdiyiniz mənzillərdə yaşayırlar. Bu, onları kədərləndirir”.
Özü də Lapşin azərbaycanlıları aşağılamaq məqsədilə bildirir ki, Bakı yəhudiləri yalnız erməni və ruslarla ünsiyyət saxlayırdılar. Azərbaycanlılarla isə bazarda, mağazada, tikintidə yolları kəsişirdi. “Gəlib kranları düzəldən bir xeyirxah Məmməd baba vardı. Yaxşı adam idi, bağından alma gətirirdi. Hər kəsin uşaqlıqdan belə xatirələri olur. Mən demirəm ki, bütün azərbaycanlılar pisdir. Qətiyyən yox. Amma qlobal miqyasda desəm ki, alma gətirən Məmməd babaya görə İsrail və Azərbaycanı birbaşa nəsə bağlayır, yox”.
İsrailin Azərbaycanın dövlət müstəqillyini nə zaman tanıdığını doğru deyə bilməyən bu çirkin zat murdarcasına iddia edir ki, məsələ heç də iki ölkə arasındakı dostluqda deyil, İran amilindədir. Üstəlik Bakıdan və Qubanın Qırmızı Sloboda kəndindən çıxmış zəngin yəhudi oliqarxiyası, neft-qaz kəmərlərinə malik Azərbaycanın sürətli inkişafı bu məsələdə böyük rol oynayır.
Lapşinkimilər və “noyantopanizasiya”nın aparıldığı erməni dinləyiciləri naşıcasına və əbləhcəsinə güman edirlər ki, Fələstin məsələsi fonunda İsraillə münasibətlərini gərginləşdirən rəsmi Ankara “Bakı-Tbilisi-Ceyhan” neft kəmərini İsrailin üzünə bağlasa, bu, Azərbaycan–İsrail dostluğuna da son qoya bilər.
“Düşünürəm ki, İsraillə Azərbaycan arasında münasibətlər onsuz da məhkumdur. Ola bilsin ki, İsrail səfirliyi orada qalsın. Türkmənistanda, Özbəkistanda olduğu kimi”, – deyə bloger-səyyah iddia edir.
Bəlkə də həqiqətdən tamamilə kənar olan bu cəfəng açıqlamaya heç fikir verməmək, hətta “no comment” deyib üzərindən keçmək olardı. Amma deyilənin nə qədər iyrənc olduğunu nəzərə alanda özünü saxlaya bilmirsən.
Naşı ehtimallarla özünə və “noyantopanizasiyaya” təsəlli verən bu ünsür indiyədək anlamayıb ki, hər zaman antisemitizmdən uzaq olan ölkəmizdə sığınacaq tapan yəhudilərlə azərbaycanlıları bir-birinə xoş, unikal münasibətlər bağlayır. Azərbaycanca danışmağı özlərinə qürur bilən yəhudilər İsraildə yaşamalarına baxmayaraq indiyədək bu dili unutmayıblar.
İsraillə ölkəmiz arasında münasibətlərin təməli isə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən elə güclü şəkildə qoyulub ki, vaxtilə Azərbaycanı Fələstinlə, Ermənistanı İsraillə müqayisə edənlərin bütün arqumentləri alt-üst olub.
Prezident İlham Əliyevin bu müdrik və uzaqgörən siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan strateji tərəfdaşı olan İsraillə və dünya yəhudiliyi ilə əlaqələri daha da gücləndirilib. Bu mehriban, sıcaq münasibətlərin nəticəsidir ki, İsrail Qarabağ məsələsində yalnız Azərbaycanı dəstəkləyib, üstəlik Ermənistana silah satmaqdan qətiyyətlə imtina edib. Bu məsələdə Benyamin Netanyahunun mövqeyi bütün erməni lobbisini yandırıb-töküb.
Bundan başqa, Azərbaycanla İran arasında münasibətlər gərginləşərkən, İsrail dövləti və dünya yəhudiliyi birmənalı olaraq ölkəmizi müdafiə edib, ölkəmizin Tehrandakı səfirliyinə təşkil edilən silahlı hücumu kəskin şəkildə pisləyib.
İsrailin Baş Nazirinin rəsmi Bakıya ünvanladığı məktublardan birində “Dini və etnik çəkişmələrin çox olduğu bir dövrdə Azərbaycan dinlərarası və multikultural harmoniyanın nümunəsidir. Azərbaycan kimi, İsrail də qeyri-sabit regionda sabitliyin və tolerantlığın mayakıdır. Üzləşdiyimiz çətinliklərə baxmayaraq, ölkələrimiz inkişaf edən iqtisadiyyat, firavan və sülhsevən cəmiyyət qurmağa nail olublar” fikri bu strateji tərəfdaşlığın sağlam təməllər üzərində qurulmasından və əbədi olacağından xəbər verir.
Ən əsası isə Azərbaycanın yəhudi icmasının onlarla nümayəndəsi Qarabağ uğrunda döyüşlərdə iştirak edib. Onlar Azərbaycanı öz vətənləri hesab etdikləri üçün torpaqlarımızın erməni işğalçılarından azad edilməsini, ərazi bütövlüyümüzün bərpa olunmasını özlərinə müqəddəs borc bildilər. Birinci Qarabağ savaşı zamanı Şuşa şəhəri uğrunda gedən döyüşlərdə həlak olandan sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Albert Aqarunov həmin əfsanəvi yəhudilərdən biridir.
Heç işğalçı Ermənistanın uğrunda canından keçən yəhudi görmüsünüzmü? Əlbəttə, yox. Belə məqamları Lapşin kimi gönü qalınlar anlaya bilməz…
Atalarımız demişkən, “dostun könlü xoş olsun, düşmən gözü kor olsun”.
Xatirə SADİQ,
KONKRET.az