Son zamanlar paytaxtın Bakıdan başqa şəhərlərə köçürülməsi və beləcə şəhərin yükünün azaldılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Fərqli versiyalar arasında paytaxtın Xankəndiyə köçürülməsi fikri də yer alıb. Bəs görəsən, paytaxtın Xankəndiyə köçürülməsi fiziki və strateji baxımdan mümkündürmü? Bu addım ölkəyə hansı üstünlüklər qazandıra bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Aytən Qurbanova bildirib ki, paytaxtın dəyişdirilməsi məsələsi mütəmadi olaraq müzakirə edilir. Hətta fərqli dövrlərdə müxtəlif şəhərlərimizin namizədliyi irəli sürülüb. Ancaq paytaxtın indiki məqamda Xankəndiyə köçürülməsinin mümkün ola biləcəyini düşünmürəm.
Aytən Qurbanova
“Təbii ki, Xankəndidə şanlı bayrağımızın qürurla dalğalanması bizim üçün tarixi, siyasi və ideoloji qələbənin simvoludur. Amma paytaxtın dəyişdirilməsi ilə bağlı qərarlar bir çox strateji amillərə əsaslanan yanaşmaları özündə ehtiva edir. Xankəndi və ya başqa şəhərimizin yeni paytaxt olması ehtimalı dəyərləndirilərkən mütləq şəkildə bu yanaşmaların hər biri nəzərdən keçirilməlidir.”
Politoloq Taleh Əliyev isə saytımıza açıqlamasında vurğulayıb ki, paytaxtın Bakıdan köçürülməsi yeni ideya deyil. İkinci Qarabağ müharibəsindən əvvəl paytaxtın Göyçay rayonunun Qaraməryəm adlanan yaşayış məntəqəsi ərazisinə köçürülməsi düşünülürdü. Eyni zamanda digər variantlar da zaman-zaman dilə gəlib.
“İkinci Qarabağ Müharibəsindən sonra ilkin mərhələdə Ağdam rayonunun adı çəkilirdi. Antiterror tədbirlərindən sonra Ağdam şəhəri ilə birlikdə Xankəndi versiyası da səsləndirilməyə başlandı. Bu gün Bakı şəhəri miqrantların hesabına dözülməz həddə gəlib. Əhalinin, nəqliyyat vasitələrinin hədsiz çoxalması bütövlükdə Bakının deyil, Abşeron yarımadasının da havasının çirklənməsi ilə nəticələnib. Amma paytaxtın bir yerdən başqa əraziyə köçürülməsi kifayət qədər bahalı layihədir. Azərbaycanda 2 istiqamətdə 10 milyard dollara başa gələn meqa layihə icra olunur. Bunlardan biri Qarabağa qayıdışla bağlıdır. O cümlədən, Bakı şəhərinin 2040-cı ilə qədər yeni baş planı təstiq olunub. Bakı şəhərinə təxminən 100 milyard vəsaitin ayrılması nəzərdə tutulur. Paytaxt Xankəndiyə köçürülərsə, Azərbaycanın digər regionlarının iqtisadi inkişafında ciddi problemlər yarana bilər. Bu da Azərbaycanın iqtisadi inkişafı baxımından real görünmür”.

“Təbii ki, Xankəndi Azərbaycan dövlətinin mərkəzinə çevrilərsə, bu, təkcə qondarma Qarabağ separatçılarının deyil, bütün dünya ermənilərinin Qarabağa olan iddialarının üzərindən birdəfəlik xətt çəkəcək. Bu baxımdan ideya cəlbedicidir. Nəzəri cəhətdən mümkün olan ideyadır”, – deyə politoloq vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az