Bakının Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən binada artıq bir neçə həftədir ki, qeyri-rəsmi söküntü işləri davam edir.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin söküntü işlərini yalnız yerli işçilərlə deyil, həm də hökumət portalında qeydiyyatsız çalışan əcnəbi vətəndaşlarla həyata keçirdiyini bildirib.
23 may tarixində binada söküntü işlərini videoya çəkməyə çalışan sakinin orada işləyən əcnəbi vətəndaşların təhqir və fiziki təhdidlərinə məruz qaldığı, hətta ona daş da atıldığı iddia edilir.
Ərazidə çalışan şəxslər sakinlərə bildiriblər ki, onlara qapı və pəncərələrin sökülməsi tapşırılıb.
Sakinlər isə bildirirlər ki, ağır alətlərlə – xüsusən kuvaltla aparılan işlər nəticəsində divarlarda çatlar yaranmaqla yanaşı, daş qırıntıları balkonlara və qonşu mənzildə yaşayan sakinlərin üzərinə tökülür.
“Dəfələrlə etdiyimiz şikayətlərə baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi məsələyə münasibət bildirməyiblər. Etdiyimiz zənglər və yazdığımız məktublar cavabsız qalıb”, – deyə şikayətdə bildirilib.
Sakinlər onu da qeyd edirlər ki, “mülkiyyətçilər öz evlərində söküntü aparırlar” bəhanəsi ilə həyata keçirilən bu qeyri-qanuni proses onların psixoloji vəziyyətinə mənfi təsir göstərir və məqsəd binanı qəza vəziyyətə salmaqdır.