“Depozitlər üzrə xərclər xeyli artıb. Hazırda illik depozit üçün təxminən 12% gəlir təklif edilir. Halbuki bir il əvvəl bu rəqəm təxminən 9-10% idi”.
KONKRET.az xəbər verir ki, bunu “APA-Economics”ə müsahibəsində “AccessBank”ın İdarə Heyətinin Sədri Davit Tsiklauri deyib. O bildirib ki, xərclərin nəzərəçarpacaq dərəcədə artması iri banklar üçün likvidlik məsələsini gündəmə gətirib: “Əlavə vəsait cəlb etmək üçün banklar depozit faizlərini artırdılar və bu da onların xeyrinə oldu”.
Davit Tsiklauri qeyd edib ki, müştərilər əvvəllər daha yüksək faiz əldə etmək üçün kiçik banklara üz tuturdularsa, indi əmanətlərini daha çox iri banklarda cəmləyirlər: “Hal-hazırda demək olar ki, bütün bazar 12% təklif edir və bu, artıq standart hala çevrilib. Bir neçə il əvvəl iri bankların belə rəqabətli depozit faizləri təklif edəcəyini təsəvvür belə etməzdim, amma bu, indi reallıqdır”.
İdarə Heyətinin sədri bu amilə əsasən bahalı depozitləri xarici borclanma ilə əvəz etməyə üstünlük verdiklərini vurğulayıb: “Depozitləri tamamilə xarici maliyyələşmə ilə əvəz etməsək də, balansımızda daha uzunmüddətli maliyyə mənbələrinə yer ayırmışıq. Xarici borclanma, adətən, 3-5 illik müddətə olur, halbuki depozitlərin əksəriyyəti 12-18 aylıqdır. Bu isə maliyyə strukturumuzu daha sabit və etibarlı edir”.