Sosial şəbəkələrdə bankların xəbərdarlıq etmədən kredit kartlarının limitini artırmasından şikayətlənən vətəndaşlara tez-tez rast gəlinir. Maraqlıdır, banklar kredit kartlarının limitini müştərinin xəbəri olmadan avtomatik şəkildə artıra bilərmi?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli KONKRET.az-a açıqlamasında bildirib ki, bu məsələyə birmənalı yanaşmaq mümkün deyil. Belə ki, Azərbaycan qanunvericiliyində bu barədə konkret qadağa və ya icazə yoxdur:
Xalid Kərimli
“Əsas məqam kredit kartı təqdim edilərkən bağlanan müqavilədə əks olunan şərtlərlə əlaqədardır. Əgər bankla müştəri arasında imzalanan müqavilədə kredit limiti ilə bağlı dəyişikliklərin bank tərəfindən birtərəfli qaydada həyata keçiriləcəyi nəzərdə tutulubsa, o zaman bu, hüquqi cəhətdən mümkündür”.
İqtisadçı vurğulayır ki, əks halda, yəni müqavilədə belə bir bənd yer almırsa, o zaman banklar müştərinin razılığı olmadan limit artımı edə bilməz:
“Bu səbəbdən vətəndaşlara tövsiyə olunur ki, kredit kartı alarkən təqdim olunan müqavilənin bütün şərtlərini diqqətlə oxusunlar və lazım gəldikdə bankdan əlavə izahat tələb etsinlər”.
Aynurə İsmayıl
KONKRET.az